“4 ildir Azərbaycandayam. Artıq mənəvi cəhətdən yorulmuşam”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında bir müddət öncə “Sabah”ı “Zirə”yə dəyişən Anatoli Nuriyev deyib.
Millimizin şərəfini qoruyan futbolçunu ölkəmizdə yaşamaq narahat etmir. Əksinə, burada özünə rahatlıq tapıb. Futbol oynayıb, pulunu qazanır.
Onu yoran doğulub, boya başa çatdığı Ukraynanın Rusiya ilə apardığı müharibədir ki, Anatoli bu səbəbdən yaxınlarına baş çəkə bilmir.
Və sabah nəyin necə olacağını bilmədiyi üçün daha çox narahatlıq keçirir:
“2022-ci ildən bu yana yalnız anamı görmüşəm. İki dəfə Bakıya gəlib-gedib. Atamı isə 4 ildir görmürəm (kövrəlir). Mənə çox çətindir, çox.
Ailəcanlı adamam, doğmalarımı çox sevirəm. Həyat yoldaşım da tez-tez Ukraynaya uçur. Müharibənin nə vaxt başa çatacağını heç kim bilmir. Psixoloji cəhətdən əziyyət çəkirəm.
Bir də ehtiyatda oturub gözləmək, oynamamaq – bunlar da insanı yorur. “Sabah”da ehtiyatda qalmağımın səbəbini psixoloji gərginlikdə görmürəm. Çünki məşqlərdə canımı qoyurdum.
Gərginlik daxilimlə bağlıdır. Məşqlərdə, oyunlarda təbii ki, peşəkarlıq göstərib maksimumu edirəm”.
29 yaşlı futbolçunun Ukraynaya gedə bilməməsinin səbəbi ölkədə elan olunan hərbi vəziyyətlə bağlıdır.
Belə ki, Ukraynaya giriş etsə, yenidən Azərbaycana qayıtması ciddi problemə çevrilə bilər.
2021- ci ildən Azərbaycan millisinin şərəfini qoruyan Anatoli Nuriyev 19 oyunda 1 qolla yadda qalıb.
O, Premyer Liqada “Sumqayıt”, “Sabah” və “Zirə”nin heyətində ümumilikdə 126 matçın iştirakçısı olmaqla 13 qol, 22 məhsuldar ötürmənin müəllifi olub.
HƏBİB

