"Zirə" bu yay avrokuboklarda "Qarabağ"dan sonra ən yaxşı nəticəni göstərib.
Komanda tarixində ilk dəfə iki mərhələ adlamaqla Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ əldə etdi.
Buna görə Rəşad Sadıqovun komandası az alqış qazanmadı.
Təkcə nəticələr yox, elə göstərdikləri mübarizə də bu alqışı haqq edirdi.
Məsələn, Xorvatiyanın "Osiyek"i "qartallar"dan büdcəsinə, təcrübəsinə, heyətinə görə üstün olsa da Sadıqovun drujinası 200 dəqiqədən artıq çəkən mübarizədə ləyaqətli çıxış sərgiləməyi bacardı.
Amma Kiprdəki ağır məğlubiyyət çəkilən bütün əziyyəti yerə vurdu.
Daha doğrusu vurmağa cəhdlər olundu.
Sanki kimlərsə pusquda durub, "Zirə"nin büdrəməsini gözləyirmiş.
Bəli, Kiprdə başverənlər fəlakət idi. Son illər Avropa meydanında hələ belə əzilməmişdik.
Bu, acı həqiqətdir.
Lakin "Zirə"nin, onun baş məşqçisi Rəşad Sadıqovun məsxərəyə qoyulması ondan da acı mənzərədir.
Məncə, belə gündə dəstək daha çox lazımdır.
Bu yay "Zirə"nin oyunundakı irəliləyiş, meydandakı nəticələr gələcəyə ümid verir.
O gələcək isə bəzən belə məğlubiyyətlərdən keçir.
Əslində bu mənzərə Sadıqov üçün tanışdır.
"Qarabağ" illərdi əldə etdiyi böyük naliyyətlərə rəğmən ilk məğlubiyyətdəcə Qurban Qurbanov hədəfə gətirilir/gətirilib.
Sadıqov Ağdam təmsilçisində futbolçu kimi yersiz təzyiqləri çox görüb.
Duruş gətirməsini öyrənib.
İnanaq ki, həmin təcrübə Zirə"də onun dadına çatacaq.
Axı bizim futbolda böyümək üçün kiçiklərə səbr etmək şərtdir.
XANOĞLAN İMANOV

