Azərbaycanın U-20 millisinin köməkçi məşqçisi Vaqif Cavadov “Tvente” ilə bağlı xatirələrini bölüşüb.
Sportinfo.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi bu barədə Niderland təmsilçisinin rəsmi televiziyasına açıqlamasında deyib.
Cavadov “Tvente”nin “Qarabağ”la 2009-cu ildə keçirdiyi qarşılaşmanı xatırladıb və həmin matçın onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:
“Klubla görüşdüyüm üçün çox şadam və inanıram ki, bu görüşümüz yeni tarix olacaq. Bu, bizim üçün bir ilk idi.
Avrokuboklarda yeni addımlar atırdıq, tanınmağa başlayırdıq. Həmin oyunda Azərbaycanda yaxşı ab-hava var idi.
Rəqibin heyətində ustalıq səviyyəsi yüksək olan futbolçular var idi. Mənim üçün xüsusi qarşılaşma idi.
“Tvente”nin həmin dönəmdəki baş məşqçisi Stiv Maklaren məni Niderlanddakı matçda görmüşdü. Komandaya qoşulmağıma işarə verdi. Mən də müsbət cavab verdim”.
U-20 millisinin baş məşqçisi ötən illər ərzində həm “Tvente”nin, həm də Azərbaycan futbolunun inkişaf etdiyini vurğulayıb:
“Digər tərəfdən, Stiv Maklaren kimi məşqçinin rəhbərliyi altında yer almaq qürurverici idi. Bu müddət ərzində “Tvente” də böyüyüb. Azərbaycanda da futbol inkişaf edib.
“Qarabağ”ın nəticələri möhtəşəm idi. “Sabah”ın Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanması da ölkə futbolunun inkişafı deməkdir”.
Vaqif Cavadov 2010-cu ilin yanvarında "Qarabağ"dan "Tvente"yə keçib.
O, 2009/2010 mövsümünün ikinci yarısında və 2010/2011 mövsümünün əvvəlində Niderland klubunun heyətində olsa da, dizindən aldığı zədə səbəbindən komandanın heyətində rəsmi oyuna çıxmayıb. Həmin mövsüm "Tvente" tarixində ilk dəfə Niderland çempionu olub.
Maraqlıdır ki, Cavadov məhz 2009/2010 mövsümündə Avropa Liqasının pley-off təsnifat mərhələsində "Qarabağ"la qarşılaşmalarda "Tvente"nin diqqətini cəlb edib.
Enşedədə keçirilən ilk görüşdə Ağdam təmsilçisi hesabı açsa da, 1:3 hesabı ilə məğlub olub.
Bakıda baş tutan cavab qarşılaşması isə 0:0 hesabı ilə başa çatıb və Niderland klubu iki oyunun nəticəsinə əsasən 3:1 hesabı ilə növbəti mərhələyə yüksəlib.
Komandalar daha sonra 2014/2015 mövsümündə yenidən Avropa Liqasının pley-off təsnifat mərhələsində üz-üzə gəlib. Bakıda keçirilən ilk oyun 0:0 hesabı ilə başa çatıb,
Enşedədə isə tərəflər 1:1 hesablı heç-heçəyə razılaşıblar. Həmin vaxt qüvvədə olan səfər qolu qaydasına əsasən, "Qarabağ" tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

