"Neftçi" mövsümə fırtına kimi başlayıb. "Ağ qaralar" ikinci turda "Araz-Naxçıvan"ı darmadağın etdi. Yuri Vernidub "hələ göylərdə uçmaq lazım deyil" deyib. Azarkeşlərin is göylərdə uçması kifayət qədər əsas var - sonuncu dəfə "Neftçi"nin mövsümə belə başladığını xatırlamıram. Cavid Hüseynov isə təcili nəsə etməlidir. "Araz Naxçıvan"da belə məğlubiyyətlər bağışlanmır. Rəqibdən, büdcədən, heyətdən, şəraitdən asılı olmayaraq. Hər an yollar ayrıla bilər.
İkinci tur həm də onu göstərdi ki, Kurban Berdıyevlə "Turan Tovuz"u işıqlı gələcək gözləmir. Bəli, bölgə klubunun təmiz qolu sayılmadı. Amma sayılsa, növbəti 3 xal qazanılsa belə gələcək yaxşı görünmür. Komanda ardıcıl 2-ci oyunda da meydana 11 əcnəbi futbolçu ilə çıxdı. Amma oynadığı futbol Azər Bağırovun 2 aya yığdığı "Şamaxı"dan ciddi nə iləsə yadda qalmadı. Qonaqların 4 yerli oyunçu ilə meydana çıxdığını da unutmaq olmaz.
"Zirə" ardıcıl ikinci oyunda da 3 xala sevindi. "İmişli" döyüşdü, vuruşdu, yaxşı imkanlar da əldə etdi. Amma daha təcrübəli, keyfiyyətli heyəti olan, az səhv edən "qartallar" sonda layiqli qələbə qazandı.
Mövsümün ilk istefası Qəbələdə baş tutmalıydı. Amma Kaxaber Tsxadadzedən hələ də səs-səmir yoxdur. Bölgə klubunun pul desən pulu var. Şərait desən ən üst səviyyədədir. Heyətdə də 9 əcnəbi futbolçu yer alır. Amma komanda nə xal qazanıb, nə də qol vurub. Heç oyun da yoxdur. Gürcüstanlı mütəxəssis nəyi gözlədiyini anlamaq çətindir.
Zaur Həşimova isə əhsən. Qısa müddətdə təcrübəli mütəxəssis "Şəfa"da bərk komanda qurub. 90 dəqiqə üstün oynadı, daha çox qol imkanı əldə etdi və layiq olduğu qələbəni qazandı. Səlahət Ağayev olmasaydı, 22 illik fasilədən sonra Premyer Liqada ilk qələbə darmadağınla da gerçəkləşə bilərdi.
XANOĞLAN/ SPORTİNFO.AZ
