“Zirə”nin məğlubiyyəti ətrafında biabırçı mənzərə

23 Avqust 2024 22:29 Zirə 3 596
“Zirə”nin məğlubiyyəti ətrafında biabırçı mənzərə

Konfrans Liqasında uuğurlu çıxışla yadda qalan “Zirə”nin Nikosiyada darmadağın olacağını kim gözləyirdi ki?

“DAC 1904”ü, ardınca “Osiyek”i mübarizədən kənarlaşdıran qəsəbə təmsilçisi GSP stadionunda sözün əsl mənasında təslim oldu – 0:6.

Yenilginin acısı azmış kimi, bir də sosial şəbəkələrdə üzləşdiyimiz mənzərə bu oyunun ətrafında xoşagəlməz aura yaradıb.

Ən ağır olan Kiprdə yaşayan erməni lobbisinin “Omoniya”nın parlaq qələbəsinə sevinməsidir.

Əslən Ermənistandan olanlar Nikosiya klubunun sosial media səhifələrində kiprlilərin qalibiyyətini coşqu ilə qeyd edir, bizimkilərə acıq verməkdən çəkinmirlər. Sanki “Zirə”yə 6 top vuran ermənilər olub, kiprlilər yox.

Digər tərəfdən azərbaycanlı fanatların yazdığı şərhlər ürək bulandırır. Rəqib sənin komandanı layiqli şəkildə - heç bir ədalətsizlik, yaxud hakim köməyi olmadan məğlub edib.

Buna görə “Omoniya”nı, onun azarkeşlərini təhqir edib, “Qarabağ”la düşsəydiniz, sizi belə-belə edərdi” yazmağın nə mənası var? Mədəniyyəti, qonaqpərvərliyi, ad-sanı ilə seçilən Azərbaycanı barbarlar ölkəsi kimi təqdim etmək nə 0:6-nı ləğv etdirməyəcək, nə də oyun yenidən keçirilməyəcək.

Yaxşı ki, savadlı, dünya görüşü zəngin, özünə hörmət etməyi bacaran soydaşlarımız var. Sayları çox olmasa da, bəziləri “Omoniya”nı layiqli qələbəyə görə təbrik edib, artıq indidən Konfrans Liqasının əsas mərhələsində uğurlar arzulayıb. Hətta “Zirə”nin bu oyunla yenilgini artıqlaması ilə haqq etdiyini yazanlar da var.

Təəssüf ki, bəzi savadsız və tərbiyə sarıdan əziyyət çəkən azərbaycanlı sosial şəbəkə həvəskarları təmsilçilərimizin avrokubok oyunları zamanı ürək bulandıran, təhqir dolu ifadələrlə iç üzünü ortaya qoyur. Anlamırlar ki, yazılan rəylər birbaşa ölkənin imicinə təsir edir.

Komandalar arasındakı cavab görüşü avqustun 29-da “Dalğa Arena”da keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA