Kiprdə yerli "Omoniya" və "Zirə" arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları bəlli olub.
Qarşılaşma Estoniyadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Yuri Frişer olacaq. Ona Veyko Motsnik və Sander Saqa kömək göstərəcək.
Dördüncü hakim funksiyasını Kristo Küllyastinen yerinə yetirəcək.
Ölkəsində kifayət qədər ad-san sahibi olan 40 yaşlı referi azərbaycanlı futbolsevərlər üçün tanış simadır.
O, ötən ilin yayında “Neftçi”nin oyununu idarə edib. 2023-cü ilin iyulunda Bosniya və Hersoqovinada keçirilən “Jelezniçar” – “Neftçi” qarşılaşmasında əsas söz sahibi olub. 2:2 hesabı ilə başa çatan görüşdə Frişer meydan sahiblərinin 3, “ağ-qaralar”ın 1 futbolçusuna sarı vərəqə göstərib.
Buna qədər “Qarabağ”ın “Düdelanj 91”lə matçına təyinat alıb. Lakin 2019-cu ildə Lüksemburqda baş tutan və 1:1 hesabı ilə sonuçlanan oyunda dördüncü hakim funksiyasını yerinə yetirib.
2015-ci ildə U-21 millimizin Farer adaları ilə səfər oyununda da dördüncü hakim kimi görünüb. Həmin görüşdə Yaşar Vahbzadənin rəhbərlik etdiyi kollektiv Azər Salahlının vurduğu qolla qələbəyə sevinib.
Avrokuboklarda 16 oyuna baş hakim kimi təyinat alan Frişerin ayağı dəydiyi meydanlarda bizimkilər məğlub olmayıb. Maraqlıdır ki, öncəki duellərdə olduğu kimi, bu dəfə də Azərbaycan komandasının səfər qarşılaşmasında iş başında olacaq.
Avqustun 22-də GSP stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Bir həftə sonra baş tutacaq cavab qarşılaşmasının start fiti isə 20:00-da səslənəcək.
HƏBİB / SPORTİNFO.AZ

