Hər şey yaxşı başlamışdı. Moldovada qələbə qazanılmışdı.
Davit Volkovun son dəqiqələrdə vurduğu yeganə qolla,
Burada da hər şey yaxşı başlamışdı. Rafael Utziq hesabı erkən açmışdı.
Gözlənilirdi ki, matçın qalan bölümü «Zirə» üçün asan keçəcək: çün «Şerif» böyük qüvvə ilə irəli atılacaq, birinci zonada boşluqlar verəcək.
Hər şey buna doğru gedirdi. Rəşad Sadıqov saydığını saysın, gör, Şerif Suma nə sayır! Fasiləyə az qalmış aldığı qırmızı vərəqəylə oyunun axarı 180 dərəcə dəyişdi.
Bürküdən «bişən», bu azmış kimi, meydanda 1 nəfər azlıqda qalan «Zirə»nin başqa yolu qalmadı, qapandı.
Sumanın yersiz hərəkəti ilə ovqtaxı təlx olan komanda yoldaşlarının oyun nizamı da tamamilə pozuldu. Nə tapşırıq aldıqlarını unutdular, depressiya yaşadılar.
Panik ataka məruz qaldılar. Mərkəzi tamamilə «Şerif» təslim edib, cərimə meydançasının ətrafında toplandılar, normal əks-hücum da qura bilmədilər. Topu birtəhər qapı önündən uzaqlaşdırmaq - «tormuz» oldular.
Bu, bir yerə qədər işləyəcəkdi. Daha artığını etmək, hesabı əldə bərk tutmaq üçün fiziki güc ön plana çıxmalı idi. «Şerif» bu aspektdə daha hazırlıqlı göründü.
Geriyə yolu qalmayan qonaqlar cütün taleyini Əyyub Allaşla həll etdi.
İki il «Qəbələ»nin formasını geyinmiş, mayda Azərbaycandan ayrılmış və yalnız 10 gün öncə «Şerif»ə pənah aparmış mərakeşli yarımmüdafiəçi ikinci hissədə şans qazandı, öncə hesab arasındakı fərqi azaltdı, ardınca məhsuldar asma verdi, yekunda da beşinci penalti vuruşunu dəqiq yerinə yetirdi.
Rəşad Sadıqov 120 dəqiqə boyunca və penalti seriyası zamanı dəfələrlə ekrana gəldi. Sumanın hərəkətindən doğan qəzəbini, təəssüfünü içində boğmağa çalışmasını sezdim.
Hiss etdim ki, daxilən qaynayır, partlayır, amma bu halın zahirən sezilməməsi üçün ora-bura vurnuxur. Mən heç düşmənimin bu məqamda Rəşad Sadıqovun yerində olmasını da arzulamazdım.
Çox sıxıcı, dəhşət saçan və heç vaxt yadından çıxmayacaq bir gecə yaşadı o.
Bundan sonra bəlkə də onlarla avrokubok oyunu keçirəcək, qələbələr, məğlubiyyətlər yaşayacaq, amma inanmıram ki, Sadıqov dünənki günü nəvaxtsa hafizəsindən silib atsın.
Bu, bir dərs idi. Şübhə eləmirəm ki, Sadıqov aldığı dərsdən nəticə çıxaracaq. Özünün dediyi kimi, bu, «Zirə»nin də klub və komanda olaraq böyüməsinə səbəb olacaq.
KAMİL

