Futbol mütəxəssisi Vasif Haqverdiyev Sportinfo.az-a açıqlama verib.
Azərbaycan millisinin sabiq müdafiəçisi Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşündə "Şerif"i qəbul edəcək "Zirə"nin şanslarını dəyərləndirib:
"Zirə" Moldovada kompakt futbol oynamaqla istədiyi nəticəni əldə edə bildi. Sözsüz ki, evdəki oyun asan olmayacaq. Amma düşünürəm ki, "Zirə" səfərdəki oyunu evdə də nümayiş etdirəcək. Riskə getmədən sırf nəticəyə oynayacaqlar. Rəqib şərait yaratmasa, "Zirə"nin bir nömrə kimi çıxış edəcəyini düşünmürəm.
Futbolda nəticə vacibdir. Mərhələni adlamaq klub üçün yaxşı hal sayılacaq. Komandanın heyəti də yaxşıdır. Köklü dəyişiklik də olmayıb. Məsələn, David Volkov yeni qoşulub, amma öncədən də bu klubda olub. Doğma divarlar da təmsilçimiz üçün üstünlük sayılacaq.
"Şerif" hücumda olmağa məcburdur. Belədə "Zirə" rəqibini yaxşı əks-hücumlarda yaxalaya bilər. Sadəcə standart vəziyyətlərdə diqqətli olmaq lazımdır. Rəqibin əlindəki ən təhlükəli gediş budur".
O, bütün üstünlüklərə rəğmən növbəti mərhələnin asanlıqla əldə olunacağına inanmadığını sözlərinə əlavə edib:
"Amma bu futboldur. "Zirə"nin asanlıqla mərhələ adlayacağına inanmıram. Təbii ki, komandamızın uğur qazanmasını istəyirik. Şanslar da çoxdur. Amma bu asan şəkildə olmayacaq. Epizodlardan ön xətt futbolçuları maksimum istifadə etməlidirlər. İlk oyunlarda texniki səhvlər çox olur. Avrokuboklar təcrübəsinin azlığı da həyəcan gətirir. Bu oyun böyük təcrübədir. İnşallah, "Zirə" sonda mərhələni keçən tərəf olar".
XANOĞLAN

