Milli üzvü "Zirə"də bunu bacara biləcək?

11 Fevral 23:00 Zirə 342
Milli üzvü "Zirə"də bunu bacara biləcək?

Rəhim Sadıxov qış fasiləsində "Zirə"ni tərk etməyə yaxın idi.

Yarımmüdafiəçinin xidmətində maraqlı olan klub isə "Araz Naxçıvan" idi.

Lakin Muxtar Respublika təmsilçisi keçid üçün qarşı tərəflə apardığı danışıqlar uğursuz başa çatdı.

Səbəb isə həm transfer üçün təzminat məbləğinin, həm də Rəhimin aylıq maaş tələbinin yüksək olması oldu.

Əslində Rəşad Sadıqov özü də onun gedişində maraqlı idi.

Çünki "10 nömrə" avrokuboklara getməyi qarşısına hədəf qoyan qəsəbə təmsilçisinə yetərli dəstəyi verə bilmirdi.

Orta xətdə, bəzən sivir ucda çıxış edən milli üzvü birinci dövrədən sonra meydanda olduğu 17 görüşdə cəmi 2 asistlə yadda qalmağı bacarmışdı.

Amma qışdan sonra onun ifasında tam fərqli performans görməkdəyik.

Deyəsən, baş məşqçinin ona inamının azalması xəbərini eşidən futbolçu futbol oynamaq lazım olduğunu yadına salıb.

Hər halda, Rəhimin yeni ildə sərgilədiyi oyun belə düşünməyə əsas verir.

Sabiq "Sumqayıt"lı mövsümün ikinci yarısının ilk 5 matçından 4-də start heyətində meydana çıxıb.

Rəhim bu matçlarda bir qol, iki asistlə yadda qalıb.

Xüsusilə ölkə kubokunun yarımfinal mərhələsində "Səbail"ə qarşı matçlarda vurduğu qol və etdiyi asist komandasının yarımfinala yüksəlməsində əhəmiyyətli rol oynayıb.

Elə "Qəbələ" səfərdə bərabərlik qolu zamanı verdiyi əla asisti də unutmaq olmaz.

Qısası, orta sahə oyunçusunun mövsümün ikinci yarısının ilk 5 matçındakı statistikası ümumilikdə birinci yarıdan yaxşıdır.

İndi qalır bunu davam etdirmək. Rəhim Sadıxov bunu bacara biləcək? Əhlikef futbolçu haqqında bunu demək çətindir. Elə isə gözləyək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 17:40 "Neftçi"nin yeni AĞAsı