"Futbolçulara anlayış göstərib, həmin addımı atıram" - Rəşad Sadıqov

3 Mart 2023 19:50 Zirə 508
"Futbolçulara anlayış göstərib, həmin addımı atıram" - Rəşad Sadıqov

Sportinfo.az xəbər verir ki, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 25-ci turunun "Şamaxı" (2:2) ilə görüşündən sonra sualları cavablandırıb.

- Növbəti maraqlı oyunlarımızdan biri keçdi. Azarkeşlər üçün də, maraqlı görüş alındı. Təbii ki, qələbə qazanmağa köklənmişdik. Oyunun ümumi mənzərəsi elə idi ki, qələbə qazanacağımıza yaxın kimi görünürdük. Ancaq təəssüflər olsun ki, rəqib qapı istiqamətinə zərbə endirmədi, ancaq iki qol vurdu. "Şamaxı"nın hansısa zərbəsini xatırlamıram. Heç nədən iki qol buraxdıq. Futbolçular böyük sarsıntı yaşasalar da, özlərində güc tapıb, hesabı bərabərləşdirdilər. Qol imkanlarımız var idi, çoxsaylı hücumlarımız oldu, amma fərqlənib, hesabda önə keçə bilmədik. Oyunun gedişatı elə gedirdi ki...Qapımıza zərbə yoxdur, amma iki qol buraxırıq. Belə oyunda məğlub olmağa məhkumsan. Şükürlər olsun ki, belə gedişata baxmayaraq bir xal qazandıq. Sona qədər apardıqları mübarizəyə görə futbolçularıma təşəkkürümü bildirirəm.

- Çempionatın aşağı pillələrindəki rəqabət avrokubok mübarizəsinə təsir edəcək? Nəzərə alaq ki, növbəti turda "Kəpəz"lə qarşılaşacaqsız...

- Çempionat elə səviyyəyə gəlib ki, həqiqətən asan oyun yoxdur. Özünüz də, şahidi olursunuz. Hər komanda digərindən xal ala, səfərdə və ya evdə qələbə qazana bilər. Xüsusilə də, aşağı pillələrdə baş verən hadisələr oyunların gərginliyini bir az daha artırır. Matçlar bir az da çətinləşir. Buna baxmayaraq, biz öz işimizi görməliyik, öz hədəflərimiz var. Bu gün futbolçularımdan narazı ola bilmərəm. Çünki 90 dəqiqə ərzində üstünlük bizdə idi, dominantlıq etdik, hücumlar qurduq, pressinq tətbiq etdik, qollar vurduq. Təəssüflər olsun ki, buraxdığımız qollar oldu. Belə buraxılan qolları anlamaqda çətinlik çəkirəm. Qapımıza penalti verildi, avtoqol oldu. Futbolçularım birinci qolun sarsıntısından ayılmamışdı, ikincini buraxdıq. Amma həqiqətən qapımıza zərbə vurulduğunu xatırlamıram. Belə olan halda da, bir xal da qənimətdir.

- Mövsümün gedişində İlkin Muradov və Təmkin Xəlilzadəni əvəzedici heyətə göndərib, sonradan geri qaytardınız. Qışda isə Nemanya Andelkoviçi komandadan göndərib, sonra geri qaytardınız....

- Çempionatın ilk hissəsinin sonunda oturduq söhbətləşdik və qarşılıqlı şəkildə yollarımızı ayırmaq qərarını verdik. Elə şeylər var ki, hamısını açıq şəkildə deməyəcəm. Futbolu sevə-sevə oynamışam. Bəzən hansısa qərar qəbul edirsən, futbolçunun düşdüyü duruma, vəziyyətə baxırsan...Ona görə də, bəzən qərarımı dəyişirəm. Futbolçulara anlayış göstərib, həmin addımı atıram. Yoxsa, ilk dövrədən sonrakı, mövsümün əvvəlindəki qərarlarım bəlli idi. Sadəcə olaraq, futbolçular özlərinə klub tapmaqda çətinlik çəkdilər. Ondan sonra fikrimi dəyişdim. Andelkoviç mövsümün sonuna qədər bizimlə birlikdə olacaq. Sonra duruma görə qərar qəbul edəcəyik.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"