«Zirə» dörd tur sonra gələn qələbəni Tovuzda qeyd etdi.
İki dəqiqənin içində. Oyuna 27-ci dəqiqədə başlayıb, 29-cu dəqiqədə bitirdilər.
Hər şey bir anın içində oldu, «Turan Tovuz» tamamən «söndü». «Soyuq düş» alan qərb təmsilçisi daha çox özünü günahlandırmalıdır.
Adi vəziyyətdə iki kobud mövqe səhvinə yol verən meydan yiyələrinin «Zirə»yə dirənişi burada da bitdi.
«Zirə» sezonun ilk iki dövrəsində də «Turan Tovuz»a qalib gəlib. Bu da oldu üç.
Rəşad Sadıqov rəqib kimi, Ayxan Abbasovu da yenə yaxşıca analiz eləmişdi.
«Turan Tovuz»la elə onların öz üslubunda oynamasalar, qalibiyyətə sevinmək çətin məsələdir. «Turan»a gərək açıq zona verməyəsən, uzun toplarla çıxış imkanı yaratmayasan. Natan Oduvanın önünə sədd çəkəsən.
Olmasın Çin səddi, olsun Cin səddi, ya bir qeyrisi.
Əsas odur, orta sahədə çoxluq yaradıb, ayağa gələn topları, heç olmasa, ikinci cəhddə ələ keçirəsən.
«Zirə»nin nəticə qayğısı var. Bunu əldə etmək bir nömrəli məsələdir. O qolu vurmaq, o qolu vurandan sonra hesabı qorumaq, 3 xalı qazanmaq variantları çoxdur.
Bir-bir yoxlayacaq, birini, ikisini dəyərləndirəcəksən.
«Zirə»də bunu edə bilən iki nəfərin adını çəkim - Rəhim Sadıxovla Hamidu Keyta. Bu cütlük Tovuzda üzərinə düşən işi gördü.
MUSA

