“Turan Tovuz” doğma meydanda “Zirə” ilə bacarmadı.
Son 3 matçda qələbələri sıralayan bölgə təmsilçisinin qalibiyyət seriyası 0:2 hesablı yenilgi ilə qırıldı.
Qonaqların heyətində ən çox diqqət çəkənlərdən biri, bəlkə də birincisi Hamidu Keyta idi. Meydanın hər yerində görünən 28 yaşlı fransalı hücumçu komandasının ikinci qolunu vurmaqla yanaşı tovuzlulara gərgin anlar yaşatdı.
Oyundan sonra paltardəyişmə otağını gülərüz tərk edərək avtobusa tərəf yön alan Keyta qarşılaşma ilə bağlı fikirlərini Sportinfo.az-a bölüşüb:
“Turan Tovuz” çempionatın ən maraqlı və güclü komandalarından biridir. “Sabah”a qarşı görüşü izləmişdik və bilirdik ki, bizimlə oyunda çətin olacaq.
Xüsusən Tovuzda çıxış etmək üçün istənilən komandaya çətinlik yaradır. Baş məşqçimiz rəqibi təhlil edərək bizə lazım olan tapşırıqları vermişdi.
Vacib olan həmin tapşırıqları yerinə yetirmək idi ki, bunu bacardığımızı düşünürəm. Qələbənin sirri?
Gücümüzə inanırdıq və qələbə motivasiyaçız yüksək idi. Son 4 oyunda qələbə qazanmamağımıza baxmayaraq, yaxşı oynamışdıq.
Yalnız “Səbail”lə görüşdə yenilgini haqq etmişdik. Bilirdik ki, tapşırılan kimi oynasaq, qalibiyyət bizim olacaq.
Sona qədər mübarizə apardıq və 3 xalı qazandıq. Sevincliyik, amma bu sevinc bizi rahatlaşdırmamalıdır”.
“Zirə” Tovuzdakı qalibiyyət sayəsində xalların sayını 35-ə yüksəldərək yaxın izləyiciləri “Qəbələ” ilə “Turan Tovuz”dan uzaqlaşıb.
HƏBİB

