Yeni ildən sonra nümayiş etdirdiyi oyunla qazandığı nəticə üst-üstə düşməyən komanda «Zirə»dir.
Mövsümün əvvəlindəki «Zirə» bu qədər rəngarəng görüntü çizmirdi.
Müqayisə predmeti kimi çıxmasın, oyun olaraq «Zirə» Rəşad Sadıqovun arzuladığı səviyyənin bir həddinə gəlib çatıb.
Sadəcə, göstəricilər o deyil hələ. Çempionatın lideri ilə qarışlaşmada 1 xal əldə etməyə layiq idilər, ani çaşqınlıq onu da ovucdan aldı apardı.
100 min avro qarşılığında «Minay»dan transfer olunan Eldar Quliyev son 24 dəqiqədə iş başında oldu
Bu zaman kəsiyi yetdi ki, Ukraynanın gənclər yığmasının yarımmüdafiəçisi «qab»ındakı nələrisə gözlər önünə sərsin.
Maraqlı tipajdır. Topun ayağına gəlməsini gözləməyən, onu əldə etməyə can atan, müdafiəçilərin üstünə getməkdən çəkinməyən, fürsət düşdüsə, onların arasından su kimi axıb gedə bilən bir tərzi var.
«Zirə»də belə birinə ehtiyac var idi və düşünürəm ki, Quliyev ona görə ödənilən təzminatın əvəzini verəcək.
«Zirə» mövsümün ilk iki oyununda «Qarabağ»la həm uduzub (1:6), həm də heç-heçə (0:0) edib. Məğlubiyyətə baxmayaraq, üçüncü qarşılaşmada əvvəlkilərdən daha inamlı təsir bağışladılar.
ELNUR

