Rəşad Sadıqov necə dözür bunlara?

13 Fevral 2023 17:40 Zirə 894
Rəşad Sadıqov necə dözür bunlara?

Yeni ildən sonrakı «Zirə»nin ən zəif oyununu Bayılda izlədik.

Nə olmuşdu, bilə bilmədim.

«Neftçi» və «Qəbələ»nin xal itirdiyi həftəni qələbə ilə yola salmaq iddiası gözlərindən oxunmadı.

Çoxlu səhvlərlə yadda qaldılar. Top itkilərinin sayını itirdim. İrəli çıxmağa çətinlik çəkdilər.

Ləng tərpənirdilər və bəzən mənə elə gəlirdi ki, əsas heyətdə meydana çıxanların böyük qismi gecəni yuxusuz keçirib, heç gözünün acısını da almayıb.

Yuxulu və rahatsız idilər. Qarın ağrısı kəsməyən adamlar kimi öz yerlərində vurnuxurdular.

İlk qolu buraxdıqları epizoda təəccübləndim. David Qomisin önünü kəsmədilər, uzun «dəhliz» açdılar ki, nə durmusan, gəl, hesabı aç.

Cərimə meydançasının içinə doluşmuş 5-6 müdafiəçidən biri irəli çıxmadı ki. Fransadan yeni gəlmiş kapo-verdeli hücumçu qapını nişan almasına mane olsun.

Elə ikinci qolda da arxa xəttin cavabdeh fiqurları mövqe səhvinə yol verdi, ildə, ayda bir dəfə fərqlənən Mirabdulla Abbasova o sevinci yaşatdılar.

Bildiyimə görə, «Zirə» qələbə qazananda futbolçularına babat mükafat ödəyir. Pul alanda yaxşıdır, cərimələnəndə pis?

Qoy, «Qəbələ» ilə heç-heçənin, «Səbail»ə məğlubiyyətin bədəlini özləri ödəsinlər. Bu səhvlərin qeydə alınmayacağı bir oyun olacaq yəni?

Müdafiəçilərin məsuliyyətsizliyi ucbatından «Zirə»nin itirdiyi xalları toplasaq, vurub kəllə-çarxa çıxar.

Rəşad Sadıqov səbrli məşqçidir, dözür bunlara.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti