Rəşavd Sadıqovun görəcəyi BİRİNCİ İŞ

22 Dekabr 2022 14:00 Zirə 774
Rəşavd Sadıqovun görəcəyi BİRİNCİ İŞ

Ötənilki kubok yarışmasının finalçıları - «Qarabağ» və «Zirə» cari mövsüm həmin nəticəni təkrarlaya bilmədi.

Hər iki komanda 1 gün arayla turnirin sıralarını tərk elədi.

«Zirə» kubok «cəbhə»sində «Neftçi» ilə qarşılaşmağa öyrəncəli olub. Gör, neçə ildir gah ¼-də, gah da yarımfinalda üz-üzə gəlirlər.

Keçən sezon gülən tərəf «Zirə» idi, indi isə «Neftçi». Hamidu Keyta qəsəbə klubunu həmin nəticəni təkrarlamaqdan məhrum elədi. Qazandığı penaltini 110-cu dəqiqədə qaçırmaqla.

Fransalı hücumçu ələ düşən imkanı qola çevirsəydi, «Neftçi» böyük qüvvəylə irəli atılacaqdı və arxa xətdə ciddi boşluqlar əmələ gələcəkdi.

«Zirə» sevmir belə epizodları? Son 10 dəqiqədə iki-üç real fürsət yaxalayacaq, hesabı 2-3-dən 3:3-ə, bəlkə də 4:3-ə daşıyacaqdılar.

Keyta «Zirə»ni yarımfinaldan məhrum elədi, lakin məğlubiyyəti yalnız fransızda görmək də insafsızlıqdır.

Müdafiə zonasına cavabdehlər fərdi səhvləri ilə ev sahiblərinin işini xeyli asanlaşdırdılar. Nə demək olar, «Zirə» bu mövsüm belədir - birinci zonası ən zəiflərdəndir.

Gözləmək olardı ki, kubokun cavab qarşılaşmasında maksimum dərəcədə diqqətli tərpənəcəklər. Heç tərpəndilərmi ki?

Yatıb yuxuya daldılar yenə. Rəşad Sadıqov düşərgəyə süpürgə çəkməyə qalxsa, heç şübhəsiz, birinci müdafiəçilərdən başlayacaq. Sağdan sola, soldan sağa, ortaya qədər.

Start heyətinə yalnız 4 legioner daxil eləyən baş məşqçi ilk hissədən sonra birdən-birə 4 əvəzetməyə getdi.

Sadıqov bununla ziyanın yarısından dönməyə çalışdı və bu, alındı. «Zirə» özünə bənzəməyə başladı və oyunu əlavə vaxta daşıdı.

Dəyişiklik 110-cu dəqiqəyə kimi qonaqları atın üstündə dik saxladı. Yenə sən saydığını say, gör, Keyta nə sayır! Bir əzbər vuruşu ilə formadaşlarının əziyyətini heç elədi.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti