"Zirə"nin bir məğlubiyyətlə aldığı İKİ ZƏRBƏ

22 Dekabr 2022 23:40 Zirə 777
"Zirə"nin bir məğlubiyyətlə aldığı İKİ ZƏRBƏ

"Zirə" ölkə kubokunda mübarizəni dayandırdı.

İlk oyunda "Neftçi"ni məğlub edən (1:0) Rəşad Sadıqovun yetirmələri cavab matçında üstünlüyünü qoruya bilmədi.

"Ağ qaralar" əsas vaxtda 2:1 önə çıxdığı matçın əlavə vaxtında da bir qol vurmaqla yarımfinala yüksələn tərəf oldu.

Bununla da ötən mövsüm final oynamış "Qartallar"ın builki kubok ümidi 1/4 final mərhələsində bitmiş oldu.

"Zirə"ni üzən təkcə turnirdən kənarda qalmaq deyil, həm də Premyer Liqada hazırda qərar tutduğu dördüncü pillənin əhəmiyyətinin ciddi zərbə alması oldu.

Ölkə kubokunu Premyer Liqada ilk üç pillədə başa vuran komanda qazananda avtomatik olaraq avrokuboklara gedəcək dördüncü komanda 4-cü pillənin sahibi olurdu.

İndi isə vəziyyət tam fərqlidir. Proseslərin gedişi tam fərqli məcradə inkişaf edə bilər.

Böyük ölçüdə ilk üçlükdə qərar tutacağı ehtimal oluna iki klub - "Sabah" və "Qarabağ" ölkə kubokunda mübarizəni dayandırıb. Və yalnız ilk üçlükdə yer alan "Neftçi" burada da yoluna davam edir. Onların ən yaxın rəqibi olan "Zirə" ilə aradakı xal fərqi isə 8-ə bərabərdi. Yəni, üçüncü olub avrokuboklara getməyi qarantiya almaq çətin görünür. Aradakı fərq böyükdür.

Ümid qalır kubokdakı gedişata.

Burada isə mübarizəni davam etdirən digər 3 komandadan "Səbail" sonuncu pillədə, "Turan Tovuz" 6-cı, "Qəbələ" isə 5-ci yerdə qərar tutur.

Belədə Premyer Liqada 4-cü olmaqla avrokuboklara getmək üçün mütləq "Neftçi"nin ölkə kubokuna sahib olmasını arzulamaq lazımdır. Əks halda, "Zirə" indi olduğu pillədə sona kimi qərar tutsa, bu dəfə Avropa macerası xəyal olaraq qalacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti