Rəşad Sadıqov: "Adam yox idi ki..." - VİDEO

14 Dekabr 2022 02:00 Zirə 387
Rəşad Sadıqov: "Adam yox idi ki..." - VİDEO

Sportinfo.az xəbər verir ki, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 17-ci turunun "Şamaxı"(0:0) ilə görüşü haqda sualları cavablandırıb.

- İki fərqli hissə izlədik. İlk yarıda rəqib meydanda bizdən daha yaxşı görünürdü. Amma fasilədən sonra oyunu nəzarətimizə aldıq, üstünlük tərəfimizdə idi. Təəssüflər olsun ki, bunu nəticəyə çevirə bilmədik. Bəlkə də, oyunun ədalətli nəticəsi elə bərabərlik idi. Qələbə qazanmaq istəyərdik. "Şamaxı" son 7-8 oyundan yalnız "Qarabağ"a uduzub, digər görüşlərdə inamlı və etibarlı çıxışları hökm sürür. Bu gün onların yüksəlişdə olduğunu hiss etdik. Futbolçular rahat oynayır. Cavid Hüseynovu təbrik etmək istəyirəm, yaxşı komanda qurub. Özünəuyğun oyun fəlsəfəsi var, hamısı yerlilərdir. Xüsusən də, gənclər oynayır. Bu, bizi sevindirir. "Şamaxı"ya və Cavid Hüseynova uğurlar arzulayıram.

- Bu oyunda iki məcburi əvəzetməniz oldu...
- Son dönəmdə zədəlilərimizin sayı çoxalıb. Sıx qrafikdəyik, həm də, ilin sonudur. Ola bilsin ki, bununla bağlıdır. Amma belə baxanda, o qədər də, çox oyun keçirməmişik. Dörd aya 14-15 matç oynamaq normaldır. Qəribə zədələr alır futbolçularımız. Mehdi Cənnətov topu çıxaranda zədələndi. Rüstəm Əhmədzadə "Turan Tovuz" ilə oyunöncəsi evə sağlam getdi, sabahsı məşqdə zədələndi. Təmkin Xəlilzadə və Mohamed Hamdaui dünən fərdi məşqlər ediblər. Məcburiyyətdən onları meydana buraxdıq. Mehdi Cənnətov və Dimitrios Çantakiasın da zədələnməsi adamı məyus edir. İkinci hissədə hücumu gücləndirməliydik, amma adam yox idi. Ona görə, heyəti genişləndirmək lazımdır. Həm də, təhlil etməliyik ki, bu qədər zədələnmələrin səbəbi nədir.

- Demək olar ki, futbolçular "Neftçi" ilə cavab oyununu düşünürdü?
- Əgər "Neftçi" ilə kubokdakı oyunun bugünkü görüşə təsir etməsindən danışırıqsa, onda keçmişdəki matç barədə deməliyik ki, çox güc sərf etdik. Bu qədər oyunçular zədələndi. Bəlkə də, müəyyən futbolçulardan 45 dəqiqə istifadə etsəydik, daha effektli olardı. Bir həftəki oyuna görə, bu gün motivasiya ilə oynamamaq...Qəti şəkildə ola bilməz. Çünki hər xalın nə qədər vacib olduğunu görürük, futbolçular da bunu başa düşür. Sadəcə olaraq, "Şamaxı"nın bugünkü çıxışını qeyd etmək lazımdır. Mütləq. Bəlkə də, məni çempionatda ən narahat edən komandalardan biridir. Onlar ilk dövrədə ardıcıl məğlubiyyətlər alanda da, bunu qeyd edirdim. Onların potensialı görünürdü. Ən vacib odur ki, futbolçularla məşqçi arasında uyum var. Bu, komandanın uğurlu çıxış etməsində ən vacib amillərdəndir. Futbolçular məşqçini yaxşı başa düşür, onun nə istədiyini bilirlər. Üzərilərində stress yoxdur, rahatdırlar. Bu da, sona qədər mübarizə aparmalarına şərait yaradır.

- Cəlal Hüseynovda idman prinsipiallığı hiss olunurdu...
- Buna fikir vermirdim. Çünki diqqətim daha çox öz komandamdaydı. Olubsa da, lap yaxşı. Yəqin ki, hər oyuna o cür prinsipiallıqla çıxır. Düşünmürəm ki, sırf "Zirə"yə qarşı əlavə motivasiyası, prinsipi olsun.

- "Neftçi"yə qarşı ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçı var. Oyuna necə köklənmisiz?
- Oyuna köklənmək haqda danışmaq çox tezdir. Çünki bütün fikrimiz "Şamaxı" ilə bağlı idi. Sabah bərpa prosesi keçib, birigün istirahət edib, daha sonra "Neftçi" matçı haqda düşünəcəyik. Əlimizdə futbolçulara uyğun oyun planı, oyun sistemi və heyət müəyyənləşdirəcəyik. Ondan sonra bütün komanda ilə matça köklənəcəyik ki, nəticə istədiyimiz kimi olsun. Tam heyətlə oynasaq da, rəqib "Neftçi"dir, səfərdə çıxış edəcəyik. Liderlə xal fərqi böyükdür, bütün fikirlərini kuboka yönəldiblər. Bilirik ki, bizi maraqlı və gərgin oyun gözləyir. Çalışacağıq ki, nəticə istədiyimiz kimi olsun.

- Dördüncü hakim funksiyasını yerinə yetirən Kamal Umudlu ilə niyə mübahisə edirdiz?
- Mübahisə etmirdim, söhbət edirdim. Çılğıncasına olur da. Hansısa epizoda irad bildirirsən. Ümumiyyətlə, mənim Kamalla dialoqum aqressiv olmayıb.

- Komanda qış toplanışına nə vaxt, harada toplaşacaq?
- Birbaşa Antalyada toplaşacağıq. Yanvarın 2-də bir yerə gəlib, 3-dən başlayacağıq. Yanvarın 10-da bir, 17-də iki yoxlama görüşü keçirməyi planlaşdırırıq. Bir gün sonra isə vətənə qayıdaraq, bir həftə "Sumqayıt" görüşünə hazırlaşacağıq. Vaxt azdır, çalışacağıq ki, səmərəli istifadə edək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!