AFFA İntizam Komitəsi “Zirə”yə xəbərdarlıq edib.
Federasiyanın yaydığı açıqlamada göstərilir ki, buna Premyer Liqanın 12-ci turu çərçivəsində “Neftçi” ilə keçirilən matçda jurnalistlərin zona 1-də Peşəkar Futbol Liqasının verdiyi akreditasiyaları üzərlərində görünən şəkildə asmaması səbəb olub.
Qurumun bu qərarı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Artıq şübhə yoxdur ki, AFFA «Zirə»yə münasibətdə «soyuq müharibə»ni davam etdirmək kursu götürüb.
Jurnalistlərin zona 1-də Peşəkar Futbol Liqasının verdiyi akreditasiyaları üzərlərində görünən şəkildə asmaması nə deməkdir?
Çox gülməli və absurd xəbərdarlıqdır. Bu, media vasitəsilə kluba verilən mesadjır, «qızım, sənə deyirəm, gəlinim, sən eşit» mənası daşıyır.
Mətbuat işçisi akreditasiyanı tərsinə asıb, yaxud heç asmayıb, klub əməkdaşları buna neyləsin? Oyun vaxtı başqa iş-güclərini bir kənara qoyub, jurnalistləri güdməlidirlər?
Deməlidirlər ki, filankəs, akreditasiyanı elə taxma, belə tax? «Zirə»yə bununla bağlı xəbərdarlıq edənlər, əslində, əmr quludur.
Onlar Elxan Məmmədovun tapşırıqlarını yerinə yetirir. Adını çəkdiyimiz zat mayda AFFA-dakı postlarını təhviml versə də, bu, yalnız rəsmiyyətdə belədir.
AFFA bu gün də Parisdə əyləşmiş E.Məmmədovun göstərişləri əsasında fəaliyyətini aparır. Sərxan Hacıyev və digərləri kimdir ki?
Hamısı sabiq icraçı vitse-prezidentin kadrdır və ona sadiqdir. Hansı birinin həddidir ki, Fransadan aldıqları tapşırıları yerinə yetirməsin?
Səhər günü AFFA-dan atılarlar. Qurumun yerləşdiyi əraziyə daxil ola bilməzlər. Keçmiş ətriyyatçı hələ də güc sahibidir.
AFFA cari mövsüm artıq neçənci dəfədir ki, qəsəbə təmsilçisinə müxtəlif bəhənələrlə cəzalandırır. Premyer Liqanın X turunun «Sabah»la səfər oyunu “Zirə”yə baha başa gəlib.
“Qartallar” azarkeşləri tərəfindən nalayiq və təhqiridici sözlərdən istifadə edildiyinə görə daha 4000 manat məbləğində cərimə ödəməli olub.
Halbuki qonaqları Masazırdakı görüşdə 10-15 nəfər azyaşlı dəstəkləyib. Uşaq və yeniyetmələrdən ibarət qrup nə bilir ki, hələ nalayiq ifadələrlə AFFA nümayəndəsinin diqqətini çəksin?
Elxan Məmmədovu qəzəbləndirən nədir? «Zirə» rəhbərliyinin son vaxtlar daha da artan nüfuzu onun yuxusunu qaçırıb.
Bu tərəfdən isə Rəşad Sadıqovun mətbuat konfranslarında, «CBC Sport»un efirində söylədikləri sabiq icraçı vitse-prezidentini qıcıqlandırıb.
Baş məşqçi verdiyi açıqlamalarda, hakimlik və VAR sistemi ilə əlaqəli danışmaqla, E.Məmmədovun kurasiyasına daxil sahələrdəki problemləri deşifrə edib.
Üstəlik, AFFA-nın milliyə aid siyasətinin gizli tərəflərini açıb, Qurban Qurbanova qarşı haqsızlıqları qabardıb. 2018-ci ildə Q.Qurbanovun «torba»sını kim tikdi? Əlbəttə ki, E.Məmmədov və qulbeçələri.
R.Sadıqov Q.Qurbanovun millidə haqqının yeyilməsini söyləyirsə, burada kimləri nəzərdə tutur? Sözsüz, yenə də E.Məmmədov və onun özünə oxşayan adamlarını.
2007-ci ildə tanışlıq vasitəsilə AFFA-nın baş katibi postuna keçən, 2022-ci ilin mayınadək həm bu, həm də icraçı vitse-prezident vəzifəsini tutan Elxan Məmmədov gələcəyindən narahatdır.
O, FİFA-nın Paris ofisində həmişəlik çalışmaq niyyətində deyil. Bir gun geri dönmək üçün planlar qurur. Ayının min oyunu bir armudun üstündə olduğu kimi.
İstəyir ki, həmin vaxtadək «Zirə» rəhbərliyini futboldan iyrənsin, Rəşad Sadıqovun özü də buradan uzaqlaşsın.
SPORTİNFO.AZ

