Paytaxt klubunda "qara nöqtə" etibarın bərpa etsə...

6 Noyabr 2022 23:40 Zirə 799
Paytaxt klubunda "qara nöqtə" etibarın bərpa etsə...

"Zirə" mövsümdə növbəti məğlubiyyətini "Neftçi"dən aldı.

Doğma meydanda rəqibini qəbul edən Rəşad Sadıqovun yetirmələri 0:3 hesablı məğlubiyyətə üzüldü.

Komandanın şanssızlığı elə 6-cı dəqiqədə yaşandı. Belə ki, meydan sahiblərinin qolkiperi Anar Nəzirov şanssız an yaşayaraq, topu əlindən buraxınca, Yeqor Boqomolski hesabı açdı.

Bu qol bəlkə də komandanı sındırdı. Məğlubiyyətdə açar rolunu oynadı. İkinci yarı gələn ardıcıl qollar isə darmadağını rəsmiləşdirmiş oldu. Baxmayaraq ki, 76-cı dəqiqədə buraxılan ikinci qola kimi, matçı dəyişmək üçün zaman yetəri qədər vardı.

Məğlubiyyətlə həm də komanda "təhkükəli zona"nın biraddımlığına çatdı. Təbii ki, söhbət xallara görə olan yox, buraxılan qolun hesablamasına görə olan cədvəldən gedir. Təsəvvür edin ki, cəmi 12 turdan sonra paytaxt klubu qapısında 20 top görüb.

Yalnız qapısından 25 qol buraxan "Kəpəz"də daha pis vəziyyət var.

"Zirə" ilə isə nəinki "Kəpəz", heç ikinci altılıqda olan, hətta ilk altılıqda olan "Turan Tovuz" belə müqayisə olunmamalıdır.

Təsəvvür edin üç mərkəz müdafiəçiisi - Nemanya Andelkoviç, Dimitrios Çantakias və Moiz Adileu kifayətə qədər keyfiyyətli və qiyməti olan əcnəbilərdi. Cinahlar da pis deyil. Biri millinin üzvü Qismət Alıyevdirsə, digəri cəzadan qayıdan sabiq milli üzvü Təmkin Xəlilzadədir.

İlk baxışdan ideal görünən beşlik statistikada komandanın "qara nöqtəsi"dir. Son oyun qapıçı səhvi diqqət çəkdisə, əvvəlki görüşlərdə müdafiəçilərin də buraxılan qollarda "xidməti" az olmayıb.

Düzdür, müdafiə olunmaq ancaq qapıçı və müdafiəçilərin boynuna biçilməyib. Yarımmüdafiə və hücum xəttində çıxış edənlər də demək ki, lazım olan qədər arxa xəttə yardım edə bilmirlər. Deməli, ümumiyyətlə, bu mövsüm "Zirə"nin komanda olaraq doğru-düzgün müdafiə olunmasında problemlər var.

Əbəs deyil ki, Rəşad Sadıqov da bir neçə dəfə sadə vəziyyətlərdən qollar buraxdıqların dilə gətirib. Görünür, bu yöndə iş aparılır. Axı əvvəlki illərdə Sadıqovun "Zirə"si etibarlı müdafiəsi ilə seçilirdi. Yenidən həmin etibar geri qaytarılsa, əminliklə demək olar ki, turnir cədvəlindəki mövqe də kifayət qədər etibarlı yer ola bilər.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti