Son iki turda qələbələri sıralayan «Zirə»yə bu dəfə də «Neftçi» mane oldu.
Daha doğrusu, Anar Nəzirov. Mehdi Cənnətovu ehtiyat skamyada əyləşdirən qapıçı
Zirədə elə bir səhvə yol verdi ki… tut başını qaç! O anda Rəşad Sadıqovun köməkçisi Eltun Yaqublu bir əliylə başını tutub, o biri əliylə alnını ovuşdururdu…
Ürəyinə nəsə damıbmış yəqin. «Zirə» bu cür starta hazır deyildi.
Bu komandanın qapıçısı ölkə miqyasında belə, ən yaxşılardan sayılmır. Anarın reklamı güclü olub, amma o gücdə biri olmayıb. Heç vaxt.
Çox vaxt ehtiyatda qalıb, kənardan ona-buna tamaşa edib.
Yayda «Neftçi» ilə müqavilə bağlayan, aylar uzunu burada forma geyinməsinə baxmayaraq, fərqlənməyi bacarmayan Yeqor Boqomolskiyə ilk qol sevincini yaşadan Nəzirova məsləhət görərdim ki, gələcəyi barədə yaxşı-yaxşı fikirləşsin.
Sonra gec olar, getsin, əlcəklərini sandığın bir küncünə atsın, özünü futbolun başqa sahəsində sınasın.
Adətən, özünü qapı önündə təsdiqlədə bilməyənlərdən normal qapıçı məşqçisi çıxır. Anar da özünü burada təcrübədən keçirsin, bəlkə uğur qazandı.
«Zirə» cari mövsümün ən zəif müdafiəsi ilə diqqət çəkən iki iştirakçısından biridir. Qapısında 20 qol görən komanda yalnız «Kəpəz»lə kiçik təsəlli tapa bilər.
Amma bu, heç şübhəsiz, Rəşad Sadıqovu narahat edir. Axı «Zirə» onun rəhbərliyi ilə keçirdiyi ötən iki sezonda daha çox etibarlı arxa xəttiylə başqalarından fərqlənirdi.
Nemanya Ancelkoviç, Dmitrios Çantakias və başqaları yenə buradadır, getməyib. Nə olub onlara, niyə ritmdən düşüblər?
Anarı qapıda görən müdafiəçi psixoloji gərginlik keçirməlidir də. «Qapıçı komandanın yarısıdır» deyirlər bəzən.
Anar isə «canlı bomba»dır, hər an «partlayış» törədə bilər. Dünənki kimi.
KAMİL

