"Zirə" Premyer Liqada növbəti qələbəsini "Sumqayıt" üzərində qazandı.
Rəşad Sadıqovun yetirmələri hər hissədə vurduğu bir qolla çətin səfərdən inamlı qələbə (2:0) ilə qayıtmağı bacardı.
Yəqin ki, gənc mütəxəssisi ən azı qələbə qədər sevindirən digər məqam, uzun müddət zədədən əziyyət çəkən Flipe Paxtmanın start heyətində meydana çıxması və yaxşı oyun sərgiləməsi oldu.
O, qol vurmasa da məhz onun qazandığı penaldan sonra ilk qol vuruldu.
Sportinfo.az-a açıqlama verən braziliyalı forvard da çətin görüş olduğunu dilə gətirib:
"Səfərdə qazanılan vacib qələbə oldu. Çətin səfər idi. Düşünürəm ki, yaxşı oyun nümayiş etdirdik".
Davamında əcnəbi oyunçu uzunmüddətli zədəsindən danışıb və gələcək oyunlarda qollar da vuracağının mesajını verib:
"Futbolda bu cür zədələr hər bir futbolçunun başına gələ bilər. Şükürlər olsun ki, həmin mərhələni arxada qoymuşam.
Hazırda önəmli olan isə yenidən adaptasiya olmağımdır. Bu halda qollar da gələcək".
XANOĞLAN

