"Zirə"nin forvardları kim(lər)ə borcludur?

22 Oktyabr 2022 17:00 Zirə 677
"Zirə"nin forvardları kim(lər)ə borcludur?

"Zirə" üçün mövsümün heç də ideal keçdiyini demək olmaz.

Düzdü, komanda hazırda ilk dördlükdə qərar tuta bilib. Amma böyük çətinlik bahasına.

Bunun ən böyük səbəblərindən birinin isə əminliklə hücum xətti olduğunu deyə bilərik. Daha da dəqiqləşdirəsi olsaq, hücumçular olduğunu deməliyik.

Paytaxt klubu arxada qalan 10 turda rəqib qapılarından 13 qol keçirib. Digər rəqiblərlə münasibət də heç də pis göstərici deyil.

Amma təsəvvür edin ki, bu qollardan birində belə forvard imzası yoxdur. Nə zədədən yeni qayıdan Felipe Paxtman, nə də "Qarabağ"dan böyük ümidlərlə icarəyə götürülən Rüstəm Əhmədzadə adını tabloya yazdıra bilib.

Sonuncu ilk beş turda tək forvard olaraq şans qazanıb və ümidləri doğrultmadğı üçün sonrakı matçlarda daha çox vinger kimi çıxış edib. Demək olar hamısında da əvəzetmədən oyuna girərək.

Qol vurmaq yükünü isə müdafiəçilər öz üzərinə götürüb. 3 dəfə cinah müdafiəçisi Sertan Taşkın fərqlənibsə, iki halda da mərkəz müdafiəçisi Dmitrios Çantakias önə çıxıb.

Digər 8 qoldan 3-ü vinger Hamidu Keytanın, 2-si məcburən bir çox matçlarda hücum mövqeyinə çəkilən mərkəz yarımmüdafiəçisi Rəhim Sadıxovun, 2-si digər yarımmüdafiəçi Çoşqun Diniyevin və 1 qol da orta xəttin bir başqa siması Hamdoui Mohamedin payına düşür.

İndi təsəvvür edin ki, forvardlardan hansısa biri arxada qalan 10 turda heç olmasa 4-5 qolla yadda qalsaydı, turnir cədvəlində olan mənzərə "Zirə" adına müsbət istiqamətə nə qədər dəyişmiş olardı.

Vəziyyətdən agah olan Sadıqov çıxış yolunu rotasiyalarla axtarır. Hələki onun da tam effekt verdiyini demək olmaz.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti