"Zirə"nin oyanışı

8 Oktyabr 2022 14:00 Zirə 653
"Zirə"nin oyanışı

16 xal mövsümün sonunda avro-bilet almağa iddia edən «Zirə» üçün yaxşı başlanğıcdır.

Sürət götürüblər və bunun «Qarabağ»a 1:7 hesablı məğlubyyətdən sonraya təsadüf eləməsi, əslində, təsadüf sayılmamalıdır.

Məlum hadisə komandada hər kəsi yerindən tərpədib, yuxudan ayıldıb, daha məsuliyyətli edib. Özlərinə sual veriblər ki, biz yuxulu-yuxulu hara gedirik, bəlkə oyanaq?

Oyanışın ilk əlaməti Tovuzda qeydə alındı. «Şamaxı» ilə dünənki qarşılaşmada dirilişin ikinci pərdəsi oynanıldı.

Hələ ilk hissədə 2-3 qol vəziyyəti yaratdılar, sürətli cinah keçidləri ilə yadda qaldılar, müdafiənin arxasına göndərilən toplarla rəqibi çaşbaş saldılar.

Filippe Paxtmanın əsas heyətdə meydana çıxması, iki fürsəti qaçırmasına rəğmən, 57 dəqiqə meydanda yer alması göstərir ki, Rəşad Sadıqov hələ də ona böyük ümidlər bəsləyir.

Uzunmüddətli zədələrlə boğuşan, nəhayət, sıraya dönən braziliyalı hücumçunun forma yığmasına bir şey qalmayıb, çalışır. Oyun praktikası qazansa, itmiş qol duyumunu da geri qaytaracaq.

Dmitrios Çantakiasın yeganə qolu vurması bir qədər narahatedici məqamdır. O. müdafiəçidir və ilk vəzifəsi qapının toxunulmazlığını təmin eiməkdir.

«Zirə»nin birinci zonası bir neçə epizodda boşluğa yol verdi, di gəl, bəxt üzlərinə güldü, «Şamaxı» düşən şansları dəyərləndirə bilmədi.

Çantakiasın çətin vəziyyətdə Rəşad Əzizlinin qapısına yol tapması epizod olaraq diqqətlə incələnməlidir.

«Şamaxı» statusunda autsayderlərlə qarşılaşmalarda hər şeyi zamanın axarına buraxmaq, sona saxlamaq qəbahətdir.

Belə rəqibləri erkən qolla məyus eləmək lazımdır ki, «sönsünlər», boylarından yuxarı tullanmağı ağıllarının ucundan keçirməsinlər, yoxsa dəqiqələr ötdükcə, vəziyyət çətinləşir - müqavimət artır, əsəblər tarıma çəkilir, xal əldən çıxır.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti