“Zirə”nin legioneri Azərbaycana nə üçün gəldiyini DEDİ – “Elə adamam ki, ...”

25 Noyabr 2021 20:40 Zirə 1 006
“Zirə”nin legioneri Azərbaycana nə üçün gəldiyini DEDİ – “Elə adamam ki, ...”

Cari mövsümdə “Zirə”nin xoş təsir bağışlamasında komanda olaraq hər kəs pay sahibi olsa da, üç futbolçu xüsusi mənada fərqlənir.

Bunlar komandanın vurduğu 18 qoldan 14-nün müəllifi olan “3-lük” – David Volkov, Ağabala Ramazanov və Loris Broqnodur.

İlk iki hücumçunun adı və bacarığı azərbaycanlı futbolsevərlərə yaxşı tanış olsa da, aktivinə 3 qol yazıdırıb, 2 qolun ötürməsini verən belçikalı “9 nömrə” Premyer Liqada yeni simadır.

Elə bu niyyətlə onu sizə daha yaxından tanıtmaq qərarına gəldik. Lorisin Sportinfo.az-a verdiyi müsahibəni təqdim edirik.

- Tələffüzdə necədir? Broqno, Broyno, yoxsa Bronyo?
- Adım Broqnodur, amma danışanda Bronyo kimi tələffüz edilir.

- Qonşu Niderlandı saymasaq, ilk dəfə vətənindən kənarda legioner həyatı yaşayırsan? Necə hissdir?
- Avropadan kənarda oynamaq xüsusi hisdir. Dediyiniz kimi, Niderlandda legioner sayılmıram demək olar. Çünki hər həftəsonu evə gedə bilirəm. Burada isə vəziyyət fərqlidir. Evə qayıtmaq və ailəmi görmək üçün qış fasiləsini gözləməliyəm. Bir az çətindir, çünki ailəmi və dostumu istədiyim zaman görə bilmirəm, amma Azərbaycana futbol oynamaq üçün gəlmişəm, çünki bu, mənim işimdir.

- Azərbaycanda yaşamaq çətin deyil ki?
- Xeyr, heç bir çətinlik yoxdur. Bakı gözəl və sakit şəhərdir. İnsanları da mülayimdir. Bura mənim çox xoşuma gəlir.

- Bir çox futbolçular Avropanın mərkəzindən uzaq olan, vaxtilə Ermənistanla müharibə şəraitində olmuş Azərbaycana gəlməkdə tərəddür edib. Sən təklif alanda reaksiyan necə oldu?
- Dediyiniz məsələdən xəbərdaram. Mən burda bəzi oyunçuları tanıyıram, ona görə də gəlməmişdən əvvəl hər şeyi soruşdum, sonra qərar verdim. Ona görə də indi özümü burda çox yaxşı hiss edirəm

- Azərbaycan Premyer Liqası təsəvvür etdiyin kimidir, yoxsa əksinə?
- Premyer Liqanı çox bəyəndiyimi deməliyəm. Çempionatda rəqabət var, hər gələn oyun digərindən daha çətin keçir. Rəqabət və gərginlik olanda daha çox qol imkanı yaxalamaq şansımız olur ki, bu da mənim kimi hücumameyilli oyunçular üçün yaxşı haldır.

- Emil Mpenzanın Azərbaycanda legioner həyatı yaşadığını bilirdin?
- Əlbəttə. Hətta hansı komandada da oynadığını da bilirəm - “Neftçi”də (gülür).

- Qısa müddətdə komandaya uyğunlaşa bildin. 8 oyunda 3 qol vurmusan. Buna rahatlıqla necə nail oldun?
- Bəli, komandaya tez uyğunlaşdığımı deməliyəm.. Ümumiyyətlə, xasiyyətcə elə adamam ki, getdiyim yerdə mühitə tez alışıram. Bunu bir növ xarakterimlə bağlaya bilərəm. Ona görə də Azərbaycanda ilk gündən bu mənada çətinliyim olmadı. “Zirə”də xoşbəxtəm və özümü çox yaxşı hiss edirəm. Qol vurub, assist etməklə komandama indikindən daha çox kömək etmək istəyirəm.

- Karyeranın ən parlaq dönəmi 2015-16 mövsümünə təsadüf edir desəm, səhvə yol vermərəm yəqin. Rotterdaram “Sparta”sında bir mövsümdə 35 oyunda 17 qol vurmuşdun. Nə əcəb daha güclü klubların diqqətini çəkmədin?
- Həmin vaxt “Sparta ikinci divizionda çıxış edirdi və kollektivin inamlı oyunu sayəsində Ekstraklassaya yükəlməyi bacarmışdıq. Açığı, çəkilən o qədər əziyyətdən sonra “Sparta”da qalmaq, elitada yenə həmin futbolçularla çiyin-çiyinə oynamaqda maraqlı idim. Və buna görə də başqa heç nə haqda düşünmürdüm. Yeri gəlmişkən, Ekstraklassadakı debüt ilim də yaxşı alınmışdı (22 oyunda 7 qol vurub – H.).

HƏBİB

Xəbər Lenti