Rəşad Sadıqov: "Çox gərgin idi, heç bilmədik nə baş verib" - VİDEO

17 Oktyabr 2021 11:00 Zirə 602
Rəşad Sadıqov: "Çox gərgin idi, heç bilmədik nə baş verib" - VİDEO

"Zirə" Azərbaycan Premyer Liqasının 7-ci turunda səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

"Maraqlı oyunun şahidi olduq. Çempionatımızda belə oyunların sayı nə qədər çox olsa, futbolumuz, futbolçularımız o qədər çox inkişaf edəcəklər.

Dinamik, sürətli oyun izlədik. Üstünlük daim bir tərəfdən o biri tərəfə dəyişirdi. Oyuna biz yaxşı başladıq.

Qoldan başqa istifadə edə bilmədiyimiz qol imkanlarımız var idi. Sonra "Qəbələ" oyunun gedişatını nəzarətə götürdü. Daim oyunun içində ərazi üstünlüyü dəyişirdi.

Hər iki komanda yaxşı və maraqlı futbol göstərdi. "Qəbələ"ni təbrik edirəm. Çox yaxşı komanda formalaşdırıblar. Bu gün çempionatımızın ən yaxşı formada olan 2-3 komandasında biridilər.

Qəbələ səfərində 1 xal da yaxşı nəticədi. Qalib də gələ bilərdik. Qələbə qazanmaq üçün ikinci qolu vurmaq lazım idi. Əlimizə düşən şansları dəyərləndirmək lazım idi.

Bu, bizdə alınmadı. Əksinə rəqib səhvimizdən istifadə edib hesabı bərabərləşdirdi. Dəyişikliklərdən sonra son 6-7 dəqiqədə oyuna biz nəzarət edirdik.

Ümumi olaraq çıxışımızı yaxşı dəyərləndirirəm. İlk milli fasiləyə kimi iki ev oyununda cəmi bir xal qazandıq. Ondan sonrakı 5 oyunda 11 xal qazanmağımız bizim üçün yaxşı göstəricidi. Hər oyundan oyuna inkişaf edirik. Bəzi itkilərimiz var. İkinci hissənin sonunda hücumu gücləndirmək istəyirdim, amma əlimizdə hücumçu yox idi. Məcburiyyətdən meydana müdafiəçi buraxdıq ki, başqa şeylər edək. Qış fasiləsinə kimi zədəliləri kompensasiya etməyə çalışacağıq. Qismət Alıyev "Sumqayıt"la oyunda zədələnmişdi. Bir həftədi ki, bizimlə deyildi. Ümumi götürsək yaxşı qiymətləndirirəm. VFutbolçular tapşırıqları düzgün yerinə yetirməyə çalışırlar. Müdafiə, hücum fazasında istədiyimiz davranışlar var. Futbolçular istəkli, həvəsli, nizam-intizamlıdılar.

Hər komanda istəyər ki, heyətini daha da gücləndirsin. Əslində mən də mövsümün əvvəlində daha geniş heyət planlaşdırırdım. Amma transfer siyasəti elədi ki, həm maddi durumdan, həm də təklif olunan, əlində olan futbolçulardan asılıdı. Alınsa, qışda heyətimizi bir az genişləndirmək istəyirik.

Düzdür, heyətdə daha təcrübəli futbolçular var. Amma Cəlal Hüseynovu mən 2-3 il sonra millinin aparıcı oyunçusu kimi görürəm. Meydanda soyuqqanlılığı, xarakteri ilə də göstərdi ki, seçimdə yanılmamışıq. Əsas kapitanımız Ağabala Ramazanov, ikinci isə Qismət Alıyevdi. Üçüncü kapitan kimi Cəlalı düşünürəm. Ona şans verməklə istəyirəm ki, bir az da bərkisin, məsuliyyəti artsın. Bu gün yükün altından layiqincə çıxdı.

Oyunun sonunda bir az gərginlik oldu. Ehtiram Şahverdiyevlə Çantakiasın arasında oyunun son dəqiqələrində nəsə olmuşdu. Hamımız Ehtiramı sakitləşdirməyə çalışırdıq. Çox gərgin idi, çox qarışıqlıq idi. Heç bilmədik nə baş verib. Mütləq araşdıracağıq. Əgər bizim futbolçunun bu məsələyə aidiyyatı varsa, mütləq tədbir görəcəyik. Bunlar qəti şəkildə xoşlamadığım şeylərdi. Ehtiram da son zamanlar yaxşı formada idi. Meydana çıxanda sonra oyun dəyişdi. Maksimum çalışıb belə şeylərdən uzaq olmalıyıq ki, inkişafımıza mane olmasın".

Digər Xəbərlər
Xəbər Lenti