Yığmamızın sabiq baş məşqçisi: “O, getməlidir, yerli gəlməlidir”

23 Oktyabr 2023 02:20 Voleybol 879
Yığmamızın sabiq baş məşqçisi: “O, getməlidir, yerli gəlməlidir”

Millimiz AVRO-2024-də keçirdiyi son iki oyunun birində qələbə qazandı, digərində məğlub oldu.

Estoniyanı səfərdə udan De Byazinin rəhbərlik etdiyi komanda Bakıda Avstriyaya məğlub oldu.

Bu nəticələrdən sonra istər italyan məşqçiyə, istərsə də AFFA-ya yönəlmiş tənqidlər bir qədər də kəskinləşməyə başladı.

Həmçinin də futbol ictimaiyyəti müxtəlif fikirlər səsləndirdi.

Sportinfo.az xəbər verir ki, yığmamızın sabiq baş məşqçisi Təbriz Həsənov da qaynarinfo-ya düşüncələrini bölüşüb.

Vaxtilə aşağı yaş qrupları üzrə millilərimizdə çalışmış mütəxəssis əsas yığma ilə yanaşı aşağı yaş qruplarından ibarət komandalarımızın son nəticələrinə münasibətini bildirib.

- Estoniya ilə oyundan təbii ki, hamımız qələbə gözləyirdik. Ən azından gücümüz çatan rəqib idi. Yaxşı çıxış etdik qələbə qazandıq. Şəxsi fikirlərimi deyirəm, Avstriya ilə oyunda gözləyirdim ki, komandamız Tofiq Bəhramov adına Respublika stadionunda daha yaxşı oynayacaq. Çünki ora azarkeş axını da çox olur. Bunu "Qarabağ”ın oyunlarında görmüşük. Əfsuslar olsun ki, stadionu doldurmadılar. Stadionda azarkeş çox olanda komanda daha yaxşı oynayır. Düzdür, komanda oynadı, mübarizə istək var idi. Amma Avstriya da həmin gün çox güclü deyildi. Bir neçə əsas oyunçusu gəlməmişdi. Deməzdim ki, əvvəlki performansını göstərdi. Ən azı heç-heçə edə bilərdik. Oyunun sonunda qol imkanımız oldu, Toral yaxın məsafədən fərqlənə bilmədi. Möcüzədir, heç futbolçu da topun qapıdan keçməyəcəyini gözləmirdi. Deyirik ki, yaxşı oynayırıq, amma uduzuruq. Məncə, artıq yaxşı oynayıb uduzmaq deyil, xal qazanmaq lazımdır. Statistikaya dəqiq baxmamışam, amma mənə elə gəlir Estoniya və bizdən başqa qalan bütün postsovet ölkələri yaxşı xallar toplayıb. Qazaxıstan 15 xal yığıb, hansı ki, elə-belə rəqiblərlə oynamayıblar. Bizim də heyətimiz yaxşıdı, yenə də nəsə çatmır. Bax, bu "nəsə”ni düzəltmək lazımdır. Məncə, belə heyətlə qrupda daha çox xal toplaya bilərdik.

- Sizə də elə gəlmədimi ki, Estoniya millimizlə matçda ciddi şəkildə can yandırmadı?

- Belə düşünmürəm, çünki bu millidir. Hər futbolçu meydanda can qoymalıdır. Oyunları alınmaya bilər, amma oynamamaq bir qədər təəccüblü gəlir. Onlar da istəyərdilər ki, sonuncu yerdə qalmasınlar. Səfərdə xal qazanmışdılar, onlar üçün ən yaxşısı evdə minimum heç-heçə etmək idi. Bakıda yaxşı oynamışdılar. Son zamanlar bizim komandalar onları məğlub edirlər. Ola bilər bir neçə ildən sonra güclənərlər. Amma onları Belçika və Avstriya ilə müqayisə etmirəm. Biz daha üstün oynadıq. Üstünlüyü nəyin hesabına qazanmağıma gəlincə, biz topla daha yaxşı oynayırıq. Onlar Bakıda əks-hücumlarda yaxşı oynadılar. Qollarımız da vaxtında vuruldu. Düşünürəm ki, bu qrupda daha çox xal toplamalı idik. Qazaxıstan Finlandiyanı məğlub etdi. Belarus İsveçrəni 3:1 məğlub edirdi, ancaq sona yaxın hesab 3:3 oldu. Biz demirik, Belrus İsveçrədən güclüdür. Amma daha məsuliyyətli idilər. Meydana çıxanda xal almaq, qələbə qazanmaq üçün mübarizə aparırdılar. Fikrimcə, bizdə belə şeylər çatmır. "Uduzsaq da, yaxşı oynadıq”, "inkişaf var” kimi fikirləri bitirmək lazımdır. Bir dəfə də pis oynayaq, amma xal qazanaq. Onsuz da hər qələbəmiz, heç-heçəmiz tarixə düşür.

- İndi De Byazinin yığmanın başında olub-olmamasının hər hansı bir fərqi var?

- Mənə elə gəlir, artıq De Byazinin getmək zamanıdır. Onu da gördük. Yeni baş məşqçi gəlməlidir.

- Bundan sonra yığmanı hər hansı əcnəbiyə tapşırmaq, nə dərəcədə ağıllı qərar olar?

- Öz fikrimi deyirəm, məncə, milli azərbaycanlı məşqçiyə tapşırılsa, daha yaxşı olar. Yenə də özləri bilər.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!