“Naxçıvan muxtar respublikadı və buranın öznəməxsus voleybol komandası olmalıdı. Mənim qarşımda duran vəzifə 20 gün ərzində burdakı gəncləri seçmək və onlardan yaxşı bir komanda formalaşdırmaqdı” - Sportinfo.az xəbər verir ki, bu sözləri bu gündən Azərbaycan çempionatının yüksək liqasında mübarizə aparan “Naxçıvan” voleybol komandasının baş məşqçisi təyin edilən Aleksandr Çornı deyib.
Çornı 1995-ci ilə qədər ÇSKA-nın ikinci komandasının, bir il İtaliya A seriyasında “Padova”nın, 1996-2008 və 2009-2011-ci illərdə Novokuybışevskinin “Oktan” klubunun baş məşqçisi olub. O, komandaya iki rusiyalı legionerin də cəlb edildiyini deyib:
“İndi yeni məşqlər üçün Rusiyadan iki legioner voleybolçu gətirmişik. Onlar bu mövsümdə “Naxçıvan”da oynamağa qərar veriblər. Məncə, bundan sonra bu istiqamətdə işlər görülməlidi. Naxçıvana gələndə buranın şəraiti, idman mühiti haqqında eşitmişdim.
Amma bura gələndən sonra yaxşı mənada eşitdiklərimdən daha artıq şeylər gördüm. Mən bu idmançıların özlərinin də gözləmədiyi bacarıqlarını ortaya qoyacağam. Azarkeşlər hər yarışda “Naxçıvan” komandasının gözəl oyununun təəssüratları ilə zalı tərk edəcəklər”.

