Ölkəmizdə olan iqtisadi böhran hər sahəyə təsir edir. Gəlirlərin azalması, büdcənin sıxıntıya düşməsi xərclərin məcburi şəkildə azaldılmasına səbəb olub. Manatın ucuzlaşması idmana də öz təsirini göstərir. Sportinfo.az xəbər verir ki, "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin 2011-ci ildə yaratdığı və Bakını təmsil edən "Azəryol" voleybol klubu bağlanır.
Məlumata görə, klubun bağlanma səbəbi sponsorlarla bağlıdı. Belə ki, sponsorlar yaşanan maddi sıxıntılara görə kluba dəstək olmaqdan vaz keçiblər. Hətta klub daxilində maaş probemi olduğu üçün ixtisarların edildiyi də bildirilir. Sezonun sonuna qədər bir yolla ayaqda qalmağa çalışan «Azəryol»un mayda rəsmən qapandığını elan edə biləcəyi vurğulanır.
"Azəryol" Azərbaycan Superliqasında ilk dəfə 2011-12 mövsümündə iştirak edib və 6-cı yeri tutaraq, Avropa arenasına çıxmaq şansını itirib. 2012-ci ildə "Bakı" ilə birləşərək, "Azəryol-Bakı" adını alıb. "Azərreyl" ilə razılaşmaya əsasən, bu klubun «dubl»u kimi fəaliyyət göstərməyə başlayıb.
2013-14 mövsümündən etibarən isə "Azəryol" əsas komanda, "Azərreyl" isə əvəzedici kimi tanınmağa başladı. Çünki "Azərreyl"in bütün əsas voleybolçuları bura transfer olunub və birincilərin 2012-13 mövsümündə əldə etdiyi Çempionlar Liqasına vəsiqə də "Azəryol"a verilib. Beləcə, onlar Azərbaycanı Çempionlar Liqasında təmsil edən 4-cü klub kimi tarixə düşüb.
Ötən mövsümdən komandanın sahibi olan “Azəryolservis” ASC “Azəryol”u maliyyələşdirməkdən imtina edib. Klubun oyunçuları və məşqçilər korpusu istisna olmaqla, artıq digər işçilər Bakı təmsilçisinin düşərgəsini tərk ediblər. Bir sözlə, artıq “Azəryol”un ofisi də bağlanıb.
Komandanın köhnə rəhbərliyi isə yeni işinin icrasına başlayıb. “Azəryolservis”in sədri Saleh Məmmədov ötən ilin dekabrında Azərbaycan Həndbol Federasiyasının prezidenti seçildiyindən sabiq “voleybolçular” bundan sonra bu idman növünün inkişafı üçün çalışacaqlar. Artıq onlar bir sıra layihələrin startına da başlayıblar. Hələlik komandaya yeni sponsor tapılmayıb.

