“Qarşılaşma bizim üçün çətin olacaq. Çünki “Ximik”in heyətində bir sıra ulduz voleybolçular çıxış edir. Rəqibin bu baxımdan üstün olmasına baxmayaraq, var qüvvəmizlə mübarizə aparacağıq” - Sportinfo.az-ın məlumatına görə, bunu “Telekom”un baş məşqçisi Zoran Qayiç deyib.
Bu gün Çempionlar Liqasında II turun matçlarına start veriləcək. Bakı klubu ilk oyun günündə Polşanın “Ximik” klubunu qəbul edəcək. Orlenliqanın qalibi ilə qarşılaşma öncəsi danışan serbiyalı mütəxəssis bildirib ki, azarkeşləri sevindirməyə çalışacaqlar:
“Rəqibin ilk turda “Modena”ya uduzmasında aparıcı oyunçularının hamısının oynamamasının rolu olub. Startda xal qazana bilmədikləri üçün polşalılar qələbəyə acdılar. Bu üzdən qonaqların çox aqressiv mübarizə aparacağını gözləyirəm. Lakin biz də əzmlə oynayıb, istəyimizə çatmağa çalışacağıq”.

