
Roman Qriqorçuk «Neftçi»ni Premyer Liqada dördüncü oyununa çıxardı.
Biz yenə qələbədən danışa bilmirik.
90+5-ci dəqiqədə Ramil Şeydayevin vurduğu qol olmasaydı, biz yenə növbəti məğlubiyyətdən danışırdıq.
Mövcud hal Qriqorçukun əleyhinədir. Ukraynalı Azərbaycana dönüşünün bu cür olacağını güman etməzdi yəqin.
İndi onun üzləşdiyi vəziyyəti Kaxaber Sxadadzenin «Qəbələ»də yaşadıqları ilə müqayisə eləməkdəyik.
Gürcünün 2015-ci ildə «İnter»dən (indiki «Şamaxı») ayrılandan sonra ölkəmizə qayıdışı 2024-cü ilə təsadüf elədi. «Qəbələ»ni aldığı yerdən yuxarı qaldıra bilmədi, Premyer Liqa ilə vidalaşdılar.
Hərçənd böyük gözləntilər içindəydi Kaxa. Başda klub rəhbərliyi olmaqla, əksəriyyət Kaxanın «Qəbələ»ni diri tutacağına, I Liqaya aparan yoldan döndərəcəyinə inanırdı.
Eyni yanaşmanı «Neftçi» yönətimi də Qriqorçuka göstərir(di). Hesab edirdilər ki, o, «Neftçi»ni çempionluğa iddialı hala gətirəcək.
Demək olmaz ki, onlar Qriqorçuka bəslədikləri ümidlərini itiriblər, yolları ayırmağa hazırlaşırlar. Uğursuzluq zolağı daha 4-5 tur «Neftçi»ni izləsə belə, fikirləşməyək ki, ukraynalıya «yaxşı yol» söylənəcək.
Qriqorçukun «limit»i qalmaqdadır.
Ancaq bunu özü də anlamalıdır ki, o, «Neftçi»də işləyir və burada nəticə hər şeydən önəmlidir. Azarkeşin üstünə gəlməməsi, əksinə, dost olmaları üçün göstəricilərin yaxşılaşması bir nömrəli şərtdir.
Qriqorçuk ondan ötrü oynatdığı futboldan imtina etməlidir.
ELNUR