Çox gözəl komandası və stadionu var «Sumqayıt»ın.
Min təəssüf, çox gözəl azarkeş ordusu yoxdur bu klubun.
Mən əksini iddia edənlərə dünənki oyunu son nümunə kimi təqdim edərdim. Stadion dolmağına doldu, ağzına kimi.
Amma bu, yalnız «Qarabağ»a görə idi.
«Qarabağ» Sumqayıta gəlmişdi deyə, şəhər əhli məlum məkana axın etmişdi. Bu isə ildə bir dəfə rast gəlinin haldır, qalan vaxt stadion 1500-2000 nəfərin ümidinə qalır.
Amma belə biganə və ögey münasibətə layiq deyil «Sumqayıt». «Mehdi Hüseynzadə» hər həftəsonu dolsa, yaxşı işlər görər komanda.
Potensialı aşıb-daşmır, düzdür. Ancaq Sumqayıtı qonaqlar üçün «cəhənnəm»ə çevirəcək qədər iştahalı və maraqlı oynayır burada.
«Qarabağ»la dünənki oyun bir daha bəlli etdi ki, «Sumqayıt» dolu tribunalar qarşısında oynamağa acdır.
Bu cür mənzərəyə tez-tez rast gəlmirik deyə, özləri də matçın başında bir az karıxıb qalmışdılar. O dəstəyi, o axını görüncə, tez də konsantrasiya oldular, maraqlı duel alındı.
Aleksandr Ramalenqom «Sumqayıt»ın «beşinci təkər»idir. Bu maqadaskarlı hücumçu komandasına qurşaqdan aşağı zərbə vurur.
12-ci oyununda üçüncü penaltini qaçıran Ramalenqom sanki acığa edir bunu.
Saşa İliçin «torba»sını tikir, ya nədir, hər dəfə vecsizcəsinə «onbir metrə»yə yaxınlaşır və hədəfə düşə bilməyəndən sonra heç nə olmamış kimi arxasını çevirib gedir.
Yalnız baş məşqçisinə və yoldaşlarına sayğısız davranan biri bu cür davranar.
«Sumqayıt» son 35 dəqiqəni 10 nəfərlə tamamladı. Fərid Hacıyev Rayan Senhadjini vaxtından əvvəl paltardəyişmə otağına yolladı.
Fransalı müdafiəçiyə xırda bir toxunuşa görə ikinci «sarı»nı göstərən baş hakim hər cür tənqidə layiqdir.
Hacıyevdə kim potensial görürsə, öküz arabasıyla irəli çəkirsə, axmağın biridir. Həmin adam səfehdir, futboldan anlayışı olmayandır.
Ya da ki, digər hakimlərə münasibətdə qərəzlidir. Hacıyevi Premyer Liqaya layiq sayanlar, bu oyuna göndərənlər dünən tribunalardan eşidilən təhqirə də gərək şərik olsunlar.
Onlara da həmin «söyüş çələngi»ndən böyük bir «pay» düşür.
MUSA

