AFFA rəhbərliyi uzun illərdən sonra Premyer Liqada klub sayının artırılmasına qərar verəndə hamımız sevinmişdik.
Amma mövsümün gedişində "İmişli" və "Karvan-Yevlax"la bağlı ortaya çıxan problemlər bəzilərini əks mövqe tutmağa vadar etdi.
Arqumentləri də ondan ibarət oldu ki, bəs biz klub sayının artırılmasını istəyirdik, amma belə yox.
"Stadionu olmayan "İmişli", şəraiti olmayan "Karvan-Yevlax"ın elitada nə işi var axı" deyənlərin sayı durmadan çoxaldı.
Sanki illərdi Premyer Liqada kök salan digər klublarda hər şey güllü-gülüstandı, qalıb bircə "İmişli" və "Karvan-Yevlax".
Əvvəla ilk başdan deyim ki, AFFA-nın qərarını onda da dəstəkləyirdim, indi də dəstəkləyirəm.
Düzgün və yerində verilib. Hətta bu il say 14-ə qalxsa sevinərəm.
Kimsə düşünməsin ki, hansısa klubumuz Birinci Liqada tam peşəkarlaşıb elitaya gələcək.
Premyer Liqanın yarısı heç illərdi Premyer Liqada ola-ola peşəkarlaşa bilmir.
Normal infrastruktura sahib deyil.
Deyək ki, "İmişli" və "Karvan-Yevlax"la bağlı federasiya bir az tez qərar verdi.
Bəs illərdi yüksək dəstədə çıxış edən "Turan Tovuz"un az qala bütün mövsümü ev oyunlarını Bakıda keçirməsinə nə ad verək?
Sonuncu dəfə Gəncədə rəqiblərini qəbul etməsindən 3 mövsüm ötən "Kəpəz"in adını nə qoyaq?
Elitanın köklü klublarından sayılan, hətta arada bir mövsüm Birinci Liqanın dadını dadan "Şamaxı"nın bir işıqlandırma sistemini həll etməməsinə nə bəraət qazandıraq?
Hələ sıradan çıxmaqda olan süni örtüyün təbii qazonla dəyişilməməsindən danışmıram.
Hə, bir də var "Araz-Naxçıvan"ımız.
Təmsil olunduğu şəhəri unudan komanda.
Birinci Liqada belə ev oyunlarını Naxçıvanda keçirən "Araz" 3 mövsümdü sığınıb Mərdəkana. Bu mövsüm analoqu olmayan hadisə də "Araz"la bağlıdır. Klub 3 fərqli meydanda ev oyunu keçirib. Xeyirdimi?
10 ildi Premyer Liqada çıxış edən "Zirə"nin cəmi bir oyun meydançasının olması da biabırçılıqdan başqa bir şey deyil.
Təəssüf ki, niyəsə heç kim Premyer Liqa klublarındakı bu qədər problemlərdən danışmır.
Elə hey iki debütantın dərdi-səri çək-çevir edilir.
Bəs ədalət?
XANOĞLAN / SPORTİNFO.AZ

