
“Evdəyəm, vaxtımın çox hissəsini ailəmə həsr edirəm.
Ümumi götürsək, futbollara baxıram, kitablar oxuyuram, bir sözlə işsizliyin dadını çıxarıram”.
Ölkənin tanınmış qapıçı məşqçilərindən olan Emil Babayev Sportinfo.az-a hazırkı məşğuliyyətindən söz açıb.
2018-ci ildən 2023-cü ilin yayına qədər “Sumqayıt”da çalışan, bu müddətdə Nazim Süleymanov, Ayxan Abbasov, Aleksey Baqa və Samir Abbasov kimi mütəxəssislərlə çiyin-çiyinə çalışan Babayev ötən mövsüm başa çatandan bu yana işsizdir.
Əldə etdiyimiz bilgiyə görə, yayda Emil bəyə bir neçə təklif gəlsə də, o, dəvətlərə isti yanaşmayıb. Klubla məşqçinin hədəfləri üst-üstə düşmədiyindən, razılıq əldə olunmayıb.
Səbəbkar məlum mövzu ilə bağlı bunları deyib:
“Desəm ki, təklif yox idi, yalan olar. “Sumqayıt”dan ayrılandan sonra 1-2 variant var idi.
Amma söhbət konkretləşməyə doğru getmədi. İşdən, təklifdən danışırıqsa, gərək ortada dəqiq nəsə olsun. Real heç nə yoxdur.
Necə olacağını zaman göstərəcək. Hadisələri qabaqlamağın tərəfdarı deyiləm.
Kimsə xidmətimdə maraqlı olsa, zəng edər, soruşar, maraqlanar. Şükür Allaha, futbol dünyamız balacadır, hamı bir-birini tanıyır.
Dincəldim, 5 ilin yorğunluğunu çıxardım. Bundan sonra yeni çağırışa hazıram.
Həmin çağırış haradan olacaq, necə olacaq, vaxtı gələndə biləcəyik”.
Məşqçilər üçün ali kateqoriya sayılan A lisenziyasına sahib olan təcrübəli mütəxəssis 2008-2009-cu illər ərzində "Neftçi"nin əvəzedici komandası, 2008-2011 U-15 və U-17 milliləri, 2012-2015 "Simurq", 2016-2018-ci illər ərzində isə Moskva CSKA-sının futbol akademiyasında çalışıb.
HƏBİB