"Sabah” Basketbol Klubu, “Azərlotereya”, Azərbaycan Basketbol Federasiyasının birgə təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Basketbol hər yerdə!” layihəsinin açılışı Bakı İdman Sarayında baş tutdu.
Tribunlara təxminən 400 azarkeş cəm olmuşdu.
Mütləq əksəriyyət gənclər idi.
Məhz layihənin əsas məqsədi də gənclərin asudə vaxtını səmərəli qurmasına, onların sağlam vərdişlərini artırmasına və aktiv həyat tərzi keçirmələrinə töhfə verməkdi.
Bundan başqa basketbolu hər kəs üçün daha əlçatan etmək, basketbol meydançalarının təmiri və yenilənməsini həyata keçirmək də əsas prioritetlərdən biridir.
Təşkilatçılar bu təşəbbüsün məhəllələrdə idman infrastrukturunun inkişafı ilə yanaşı sosial həmrəyliyin güclənməsinə də xidmət edəcəyinə inanır.
Xəbəriniz olsun, artıq bundan sonra basketbol hər kəs üçün əlçatan olacaq.
Bunun üçün yeni yaradılmış Basketbolheryerde.az saytına daxil olmaq yetərlidir.
Siz də elə videonu izlədiyiniz anda sayta daxil olub, öz məhəllənizdə meydança üçün uyğun yer varsa, bu barədə sayt vasitəsilə məlumat verə bilərsiniz. Ki, sizin də məhəllənizdə basketbol oyunu əlçatan olsun.
Qayıdaq tədbirə...
Tribunaya cəm olan azarkeşlər, dəvət olunan qonaqlar təxminən 2 saat müddətində çox əyləncəli vaxt keçirdiklərini əminliklə deyə bilərik.
Tamaşaçıların peşəkar basketbolçularla görüşmək, onlardan imza almaq fürsətləri oldu.
Hələ bu harasıdır...
Hətta onlarla eyni meydanı bölüşmək xoşbəxtliyini yaşayanlar oldu.
Təşkil edilən oyunlardan birində "Sabah" basketbol klubunun iki üzvü - Cerriy Bleks, Kyit Cordan iştirakçılarla eyni meydanı bölüşdülər.
Ümumiyyətlə, gənclər üçün təşkil edilən əyləncəli müsabiqələr maraqla qarşılandı.
Həm gənc qızlar, həm də bəylər aktiv iştirakçı oldular.
Xanımların daha bacarıqlı olması hamını təəccübləndirən məqamlardan idi.
Əbəs deyil ki, finalçılardan biri xanım iştirakçı oldu.
Günün ən həyəcanlı anı təbii ki, 5 555 manatlıq böyük mükafat uğrunda keçirilən “Beşdə 5” müsabiqəsi oldu.
İştirakçılar bacarıqlarını ortaya qoyaraq komanda ruhunu və idmana olan sevgilərini nümayiş etdirdilər.
Qələbə üçün bütün enerjilərini ortaya qoydular.
Qalibin müəyyənləşməsi üçün əlavə atışlara ehtiyac duyulması mübarizənin nə qədər gərgin keçməsinin göstəricisi sayıla bilər.
Əlbəttə, ən böyük qalib Azərbaycan basketbolu oldu.
İstənilən idmanın inkişafı onun kütləviliyindən keçir. Bu baxımdan Basketbol Federasiyasının seçdiyi yol təqdirəlayiqdir.
“Azərlotereya” isə bu yolda əsas təbliğat gücüdür.
Şirkət ölkədə basketbolun inkişafı istiqamətində böyük töhfə verir.
Eyni zamanda, “Sabah” Basketbol Klubunun sponsoru kimi komandanın fəaliyyətinə və yerli basketbolun inkişafına dəstək göstərir.
Bu əməkdaşlıq peşəkar idmanın güclənməsinə və gənc basketbolçular üçün daha geniş imkanların yaradılmasına xidmət edir.
“SPORTİNFO TV”
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

