Azərbaycan Premyer Liqasında 2025/26-cı illər mövsümünün 16 turu əhatə edən birinci yarısı arxada qaldı.
"Sabah" qış fasiləsinə lider, "Karvan-Yevlax" isə sonuncu pillənin sahibi kimi yollandı.
Uzun aradan sonra 12 komandanın təmsil olunduğu liqa 7 şəhəri əhatə etdi.
2 debütantın yer aldığı çempionatda klublar özünü necə göstərdi?
Verilmiş 1 aylıq fasiləni nəzərə alıb, biz də ardıcıllıqla komandaların 16 turdakı fəaliyyətinə göz atmağa çalışacağıq.
"Şamaxı" ilə davam edirik...
"Şamaxı" çempionatın ən rahat komandasıdır. Həm də ən kasıb...
Ayxan Abbasov kimi baş məşqçinin varsa, həmin kasıblığın əziyyətini çox da hiss etməyəcəksən.
Necə ki, "şirlər" narahatlıq nədir bilmir.
Arxada qalan 16 turda qazandığı 20 xalla 7-ci sırada möhkəmlənib.
Gerisində buraxdıqları arasında hətta 30 milyona yaxın büdcəsi olan "Neftçi" belə var.
Büdrətdiyi komandalar arasında isə son çempion "Qarabağ", qış çempionu "Sabah" da yer alır.
Liqada qalmaq vəzifəsi təmin edilməsə də, düşməsindən söhbət belə gedə bilməz. Sonuncu yerlə arada nə az, nə çox 14 xallıq fərq var.
Birinci yarıda 6 xal qazanan "Karvan-Yevlax"ın mövsümün ikinci yarısında 14 xallıq fərqi qapaması dünyanın 8-ci möcüzəsi sayıla bilər.
Nəticələr təsadüf yox, göstərilən oyunun, mübarizənin məntiqi nəticəsidir.
Bir neçə oyunda şans da əyalət təmsilçisinin yanında olsaydı, bu gün hətta avrokuboklar zonasında yer ala bilərdilər. Bir də qapını kəsən ciddi zədələri unutmaq olmaz.
Andrey Trikoveanu və Edqar Adilxanov kimi vacib fiqurlar bu səbəbdən uzun müddət düşərgədən kənarda qalmalı oldular.
Amma yenə də hər şey itirilməyib. Futbolda şans vacib detaldır. Qışdan sonra "şirlər"in şansı da yanında olsa, sürpriz nəticə yaşana bilər.
Amma məsələnin ya oyanlıq, ya da bu yanlıq olması hər nə qədər erkən bilinsə hamımız üçün fayda var.
Ki, Abbasov sərəncamında olan gənclərə daha çox oynamaq imkanı yarada bilsin.
XANOĞLAN / SPORTİNFO.AZ

