"Şamaxı" qış fasiləsində ilk sınaq matçını "Sabah"la keçirdi.
Masazırda keçirilən qarşılaşmada diqqət çəkən məqamlardan biri "şirlər"in çərçivəsində olan dəyişiklik idi.
Məğlubiyyətin (0:2) yaşandığı matçda Səlim Həşimov əsas heyətdə yer almışdı.
İkinci yarıda onu təcrübəli Abdulla Seydəhmədov əvəzlədi.
Bəs komandanın əsas qolkiperi Rikardo Fernandes?
Portuqaliyalı legioner ehtiyat skamiyada da yer almırdı.
Olmaya əla mövsüm keçirən kiper başqa ünvana üz tutub?
Oyundan sonra Ayxan Abbasovla söhbətdə məlum oldu ki, ayrılıqdan söhbət gedə bilməz.
Sadəcə 31 yaşlı kiper qış tətilindən bir qədər gec qayıdıb.
Bu səbəbdən məşqlərdə tam iştirak edə bilmədiyi üçün ona istirahət verilib.
Təcrübəli mütəxəssis fürsəti dəyərləndirərək qarşıdan gənclər millimizin toplanışı gəldiyi üçün Həşimova əsas heyətdə yer verib.
XANOĞLAN / SPORTİNFO.AZ

