"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov qış təlim-məşq toplanışı çərçivəsində "Sabah"la baş tutan yoxlama görüşündən sonra (0:2) Sportinfo.az-a müsahibə verib.
- Görüş necə keçdi?
- İlk oyun idi. Fasilədən sonra hər zaman birinci oyun ağır olur. İki hissəyə böldük oyunu. Bütün futbolçuları meydanda görmək istəyirdik. Yaxşı mübarizə getdi. Səhvlər oldu, amma ümumi olaraq ilk görüş üçün yaxşıdır.
- Qış təlim-məşq toplanışının arxada qalan bölümünü necə qiymətləndirirsiniz?
- İstirahətdən gələn oyunçular ideal formadan uzaqdır. Bu da normaldır. Sevindirici hal odur ki, Andrey Trikoveanu və Edqar Adilxanov tam sağalıb. Fasilədən sonra daha çətin olacaq. Bütün oyunçuların sağlam olması vacibdir.
- Mövsümün ikinci yarısından gözləntiləriniz nədir?
- Çox ağır keçəcək. Bütün rəqiblər nəticələrə köklənəcək. Həm avrokuboklar, həm də liqada qalmaq uğurunda gərgin mübarizə olacaq. Bizim çempionat ildən-ilə daha gərgin mübarizə meydanına çevrilir. Çünki iddialı rəqiblərin sayı artır. Bu gün də baxsaq, avrokuboklar uğurunda mübarizə aparan klubların sayı çoxdur.
- İkinci yarıda gənclərə daha çox meydan verdiniz. Çıxışları gələcəyə ümid verir?
- Hər zaman hamısına şans verməyə çalışırıq. Özlərindən çox şey asılıdır. Bir az daha çox özlərinə inanmalıdırlar. Belədə daha yaxşı ola bilərlər.
XANOĞLAN İMANOV

