"Şamaxı" mövsümün birinci yarısını uğurlu keçirən kollektivlərdən sayılır.
Çempionatın ən aşağı büdcəsinə sahib komanda 16 turdan sonra aktivinə 20 xal yazdıra bilib.
Bəzi oyunlarda şanssızlıqlar olmasaydı, bu gün bölgə klubu 7-ci sırada yox, daha üst pillələrdə yer ala bilərdi.
Məsələn, "Sumqayıt" və "Zirə" ilə görüşlərdə Ayxan Abbasovun komandası qələbəni son dəqiqələrdə əldən vermişdi.
Düzdü, məhdud büdcə, kasad heyətlə avrokuboklar zonasında qalmaq asan deyil.
Amma sezonun birinci yarısındakı mübarizə bunun heç də əlçatmaz olmadığını göstərdi.
Bəs qışdan sonra daha yaxşı çıxış etməklə çətin görünən missiyanı - Avrokuboklara vəsiqə qazanmağı bacarmaq olarmı?
Sportinfo.az-a açıqlama verən komandanın yarımmüdafiəçisi Andrey Trikoveanu ümidli danışıb:
"Bu barədə nəsə demək çox tezdir. Ancaq yaxşı oyunçularımız, yaxşı komandamız olduğunu deməliyəm.
Güclü məşqçilər heyətinə sahibik. Hər oyunda qələbə qazanmaq istəyirik.
Lakin nələr baş verəcəyini indidən demək çox tezdir".
XANOĞLAN

