"Şamaxı"nın yarımmüdafiəçisi Oruc Məmmədov Premyer Liqanın 14-cü turunda "Karvan-Yevlax"ı məğlub etdikləri matçdan sonra Sportinfo.az-a müsahibə verib.
- Qələbə təəssüratların necədir?
- Oyuna çox ciddi hazırlaşmışdıq. Ötən oyundakı şanssız məğlubiyyətdən sonra qələbə qazanmaq istəyirdik. Meydana yalnız bunun üçün çıxmışdıq. Çox şükür edirəm ki, əziyyətimizin qarşılığını aldıq.
- Premyer Liqada ilk qolunu vurdun. Nələr deyə bilərsən?
- Çox sevincliyəm. İlk öncə komandama xeyir verdiyim üçün şadam. İnşallah, növbəti oyunlarda bu hissi yenidən yaşayaram.
- Səncə, çətin görünən səfərdən belə qələbə ilə qayıtmağınızda nə həlledici oldu?
- İlk hissə çətin keçdi. Səfər oyunu olduğuna görə az da olsa təzyiq var idi. Amma ikinci yarıda yaxşı toparlanıb qol vurduq. Bir qədər rahatlıq əldə etdik. Davamında rəqib irəli atıldı və də biz də əks-hücumlar zamanı əlimizə düşən yaxşı fürsətlərdən istifadə etdik.
- Artıq sonuncu pillə ilə arada 12 xal fərq var. Qışa qədər elitada qalmaq hədəfinə çatacağınız real görünürmü?
- Bəli, real danışsaq hədəfimiz liqada qalmaqdır. Amma istəyimiz daha da artığını etməkdir. İlk "altılıq"la aramızda fərq azdır. Daha yuxarı pillələr üçün mübarizə aparacağıq. Biz buna qadirik.
XANOĞLAN İMANOV

