Abdullah Zubirə meydan oxuyan azərbaycanlı İSTEDAD

20:40 Şamaxı 656
Abdullah Zubirə meydan oxuyan azərbaycanlı İSTEDAD

"Neftçi"nin yetirməsi olan Rüfət Abbasov "Şamaxı"ya gələndə 18 yaşı vardı.

"Ağ qaralar"ın əsas komandasında cəmi 2 oyunda şans almışdı. Günü əvəzedici komandada keçirdi.

Ötən il uzun illərdən sonra elitada klub sayı 12-yə çatdı.

Ayxan Abbasov limitə görə və yerli qıtlığı səbəbindən onu yanına apardı.

Ötən mövsüm 36 görüşün hamısını meydanda oldu. 1 qol, 5 məhsuldar ötürmə ilə yadda qaldı. Səhv etmirəmsə yalnız Letiçdən geri qalmışdı.

Bu sezona isə fırtına kimi başlayıb. Cinah müdafiəçisi arxada qalan 13 turda demək olar eyni nəticəni təkrarlaya bilib - 1 qol, 4 məhsuldar ötürmə.

Hazırda Abdullah Zubir, İmad Faraj kimi milyonlar qazanan oyunçuların olduğu cədvəldə asist kralıdır.

Hələ "Neftçi-2"də çıxış edəndən Rüfəti yaxşı tanıyıram. Hətta bir dəfə rəqib oyunçuya qarşı çox amansız davrandığı üçün qırmızı vərəqə ilə meydandan qovulmuş, ağır cəza almışdı. Haqlı olaraq "bundan böyüyüb nə futbolçu olacaq axı" iradları Rüfətə tuşlanmışdı.

Zaman göstərdi ki, istəyəndə olur.

Yetər ki, düzgün məşqçinin əlinin altına düşsün, inam, güvən görsün.

Rüfətin cinah müdafiəçilərinə xas yaxşı keyfiyyətləri var - sürət, mübarizə, ikili mübarizələrdə düzgün mövqe seçimi, fiziki göstəricilər və.s.

Ən pis cəhəti cinahda əlinə düşən əla asma fürsətlərini boşa verməsi idi. İlk vaxtlarında topu Şamaxının dağlarına az göndərməyib.

Bu mövsümdən bütün standart vəziyyətlərdə topun arxasında onu görürük. Balau, Appalinaro kimi daha usta futbolçuların əhatəsində.

Bir dəfə müsahibədə soruşanda bildirdi ki, standart vəziyyətlərdə uğurlu olmağım üçün Ayxan Abbasovun xüsusi tapşırıqları var. Mən çalışıram, o da güvənir.

Bu gün Rüfət liqanın ən intizamlı oyunçularından biri və bəlkə də birincisidir.

Bu gün Yevlaxda 50-ci Premyer Liqa görüşünə çıxdı. 50 oyunda 1 sarı vərəqə belə almayıb.

Rüfət bu ölkədə tək deyil.

Ondan da istedadlı uşaqlarımız var.

Tapan klublar, güvənən məşqçilər, yetişdirən sistem yoxdur.

Təəssüf ki, yalnız əlacsız qalanda onlara qucaq açırıq.

Əcnəbilər vaqonla gətirilir, bir neçə ay sonra 3 aylıq təzminatı da göz qırpmadan öncədən verib yola salınır. Ən yaxşı halda mövsümün sonu.

"Neftçi" son 3 ildə 50-60 yeni əcnəbi transferlə yadda qalıb, amma 1 Rüfət Abbasov yetişdirə bilməyib. Yetirməsi olmaq başqadır, yetişdirmək başqa.

İlk addımlarını "Neftçi"də atan bu uşağın illik maaşı təxminən 20 min manatdır. Amma "Neftçi"də onun mövqeyində çıxış edən Mustafa Sek bir ayda həmin pulu qazanır. Nə qədər ədalətlidir? Yerlinin pulunu sayan dostlar arada bu faktlardan da danışsa gözəl olar.

Ümumiyyətlə, 15-20 azərbaycanlının qazandığı puldan çox, klub rəhbərlərinin, funksionerlərin çölə səpdiyi pullar daha çox müzakirə olunmalı, sorğulanmalıdır.

Təəssüf ki, əksər klublarımız dövlətin pulunu dədələrinin malı kimi xərcləyir.

Amma yerliyə yatırım etmək gələndə canları çıxır...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti