“Şamaxı”nın legioneri Dioqo Balau Sportinfo.az-a müsahibə verib.
25 yaşlı portuqaliyalı yarımmüdafiəçi “Sumqayıt”a məğlub olduqları (1:2) matçdan sonra sualları cavablandırıb.
- İşlər sizin üçün pis getmirdi. Sona yaxın nə baş verdi?
- Bir neçə dəqiqə ərzində oyun intizamını itirdik. 1:0-dan sonra 2-ci qolu vursaydıq, sonluq belə olmayacaqdı. Futbolda belə hallar qaçılmazdır. Növbəti oyunlara köklənməliyik.
- Oyun intizamı itdi, yoxsa rəqib sizi buna məcbur etdi?
- “Sumqayıt” yaxşı komandadır. Heyətində güclü futbolçular cəmlənib. Oyunboyu cinah həmlələri hesabına nəsə etməyə çalışırdılar. Lakin bu, onlarda sona 5-10 dəqiqə qalmış yaxşı alındı. İlk qolu cinah ötürməsindən vurdular, ikincidə zərbə yaxşı alındı. Belə matçlarda son dərəcə diqqətli olmalıyıq.
- Qələbə “Sumqayıt”ın haqqıydı?
- Xeyr, heç bir halda. 80 dəqiqə yaxşı oynadıq, inamlı müdafiə olunduq, qol vurduq, hücumlar təşkil etdik. “Sumqayıt” son 10 dəqiqədə nəsə etməyə çalışdı. Qələbə bizim haqqımız idi, onların yox. Ən pis halda heç-heçə olmalıydı.
- Qarşıdakı bir həftə ərzində “Baku Sportinq”lə kubok, “Karvan-Yevlax”la səfərdə Premyer Liqa matçınız var. Psixoloji baxımdan hazırlaşmaq mümkün olacaq?
- Heç nə itirməmişik, sadəcə, çempionat oyunlarının birində məğlub olduq. Qarşıda çox görüşlərimiz var. Bərbad oynayıb məğlub olsaydıq, neqativ düşünmək olardı. Lakin indiki halda başımızı dik tutmalıyıq. Çünki haqq etmədiyimiz məğlubiyyəti almışıq. “Sumqayıt”la qarşılaşma geridə qaldı. Bundan sonrakı 4 oyunda uğurlu nəticələr qazanacağımıza ümid edirəm.
HƏBİB

