Ölkəsinin mətbuatına müsahibə verən "Şamaxı"nın forvardı Kərim Rossi azarkeşlərlə bağlı vacib məqama toxunub.
O, həmkarımızın "Klubunuz olduqca gəncdir və adını bir neçə dəfə dəyişdirib ki, bu da qeyri-adi haldır. Azarkeşlərlə klub arasında güclü bir əlaqə hiss edirsinizmi" sualına bu cür reaksiya verib:
"Bu gün klub hazırkı şəhərində möhkəm yerləşib. Kiçik bir sadiq azarkeş qrupu var, amma bunu "Qarabağ" və ya "Neftçi" azarkeşləri ilə müqayisə etmək olmaz.
Bir çox komanda Bakıda məşq edir və sonra başqa yerlərdə oyunlar oynayır. Bu, özünəməxsus sistemdir. Əsl azarkeş bazası yaratmaq üçün ideal deyil, amma müəyyən səviyyədə həvəs hələ də var".
Cəmi 2-3 ay əvvəl ölkəmizə gələn biri tribunlardakı boşluğun səbəblərini necə də incəliklə ifadə edib. Həqiqətən də klublarımızın ortaya qoyduğu yanaşma əsl azarkeş bazası yaratmaq üçün ideal deyil. Hətta çox uzaqdadır.
Rossi kimi biz də illərdi qeyd edirik ki, azarkeşlər qeyri-peşəkar münasibət üzündən tribunalardan küsdürülüb.
Təəssüf ki, ətrafımızda olan bəzi dostlarımız daxil bir çoxu iradla razılaşmır.
Hər fürsətdə tamaşaçıları günahkar çıxarır.
Bəzən də azarkeşlərin təəssübünü çəkməkdə qınanırıq.
Tutaq ki, dediyiniz kimidir, bəs Rossinin gördüyü həqiqətə nə sözünüz?
XANOĞLAN / SPORTİNFO.AZ

