Premyer Liqanın daha bir klubunda baş məşqçi ayrılığı… AZ QALDI!

15:40 Şamaxı 348
Premyer Liqanın daha bir klubunda baş məşqçi ayrılığı… AZ QALDI!

Deyəsən, Premyer Liqada mövsümün son ayrılıq xəbərini «Şamaxı»dan alacağıq.

«Sumqayıt»ın sükanı arxasını tərk edən Vaqif Cavadovun ardınca, Ayxan Abbasov «şirlər»ə «əlvida» söyləyəcək.

Hər halda 44 yaşlı çalışdırıcının dünən mətbuat konfransında verdiyi mesajlar klub rəhbərliyini qəflət yuxusundan ayıltmalıdır.

Mütəxəssis komandasının cari mövsüm sərgilədiyi oyundan razı qaldığını, nəticələrin qənaətbəxş olduğunu qeyd edib, bununla yanaşı, büdcə sarıdan ciddi sıxıntı çəkdiklərinə eyham vurub:

“Çempionat bitir. Demək olar, son iki oyun bizim üçün də çətin keçir. Heyət baxımdan çox əziyyət çəkirik.

Əsas odur, bu oyun yox, ümumi il bizim üçün uğurlu oldu. İstədiyimiz o idi ki, bu il Premyer Liqada qalaq.

Sevindirici haldır ki, 35 turda komanda aşağı pillədə olmadı, o təzyiqi hiss etmədik. Düzü, xal fərqi azalırdı, amma bizdən qat-qat təcrübəli və maddi gücü üstün komandalarla başabaş mübarizə apardıq.

Məncə, mövsümü uğurlu saymaq olar. Keçən yay gələndə sıfırdan komanda yığdıq. Düzdür, Birinci Liqadan 10-dək futbolçu gəlmişdi.

Bu gün həmin futbolçulardan Arsen Ağcabəyov, Edqar Ədilxanov meydanda idi. İndi bir az üstünlüyümüz odur ki, bəzi legionerlərin bizimlə müqaviləsi davam edir, o qədər əziyyət çəkməyəcəyik.

Yeni transferlər olacaq. Bəlkə də bir aydan çoxdur, iş gedir. Bilirsiz ki, büdcə baxımından tam qərar olmadığı üçün bir qədər sakitlikdir.

Amma seleksiyamız davam edəcək. İnanıram ki, “Şamaxı”da qalsam, növbəti mövsüm yaxşı komanda quracağıq.

Mən gerçək və dürüst danışıram. İlk növbədə büdcəyə baxmaq lazımdır. Bu büdcə ilə desəm ki, hədəfimiz yuxarı yerlərdir, yalan danışaram. Amma keçən ilə baxdıqda, təcrübəliyik.

Elə komanda qurmaq istəyirik ki, yuxarı mövqelərə qalxmağa cəhd edək. Bu, nə qədər alına biləcək, yenə büdcə və ayrılan vəsaitdən asılıdır. Bu problemlər, yəqin ki, yaxın günlərdə həll olunacaq”.

Bəli, bütün məsələlərə yaxın günlərdə aydınlıq gələcək. Güman ki, Abbasov ”Qarabağ”la son matçdan əvvəl, yaxud ertəsi gün rəsmilərlə bir araya gələcək, gələcək planları cızacaq. Həm özü, həm də komanda ilə bağlı.

Burada hər şey ola bilər. Martın sonunda «Şamaxı» ilə müqavilənin müddəti 1 illik uzatsa da, həmin görüşdən ayrılıq xəbərinin çıxması kifayət qədər inandırıcıdır.

Yuxarıda qeyd etdiyimiz kimi, narahatlığa səbəb var və bu, olduqca ciddidir. Yerli idarəçilər təcili yeni maliyyə qaynağı tapmalılıdır.

Ayxan Abbasov əvvəlki şərtlərlə işini davam etdirməyəcək. O, ağıllı insandır, bu palçığa ikinci dəfə batmayacaq.

Əlbəttə, Abbasov ötən ilin iyununda «Şamaxı»da işləməyə razılıq verməsəydi, bu yay yenidən I Liqaya dönəcəkdilər. Ən aşağı büdcəli komandanı Premyer Liqada saxlamaq böyük zəhmət bahasına başa gəldi.

Düzgün və gərgin iş, sərraf transfer siyasəti, futbolçularla qurulan sağlam münasibət «Şamaxı»nı biabırçılıqdan qurtardı. O, sübut elədi ki, bəzən ucuz ətdən də şorba düzəltmək mümkündür.

Klubu idarə edənlər həvəskar futbolsevərlərdir. Kamran İsmayılovdan tutmuş ta yuxarıya kimi.

Ayxan Abbasov hörmət bəslədiyi şəxslərin sözündən çıxmadı, Şamaxının yolunu tutdu. Yoxsa heç vaxt Kamran İsmayılov kimi müasir futboldan, müasir klub idarəçiliyindən xəbərsiz kəslərin əhatəsində görünmək istəməzdi.

Amma gəldi, işlədi, özünü göstərdi, indi isə top səlahiyyətli şəxslərdədir. Bu hekayə qısa bitəcək: əgər onlar əllərini daşın altına qoymasalar.

Bir ucdan hamı «Şamaxı»dan qaçır. Müqaviləsi bitən legionerlər dabanına tüpürüb gedir. Yerlilərə də təkliflər çoxdur.

Komandanın qalmağa yeri, yemək-içməyi yaxşıdır. Bu, olmalıdır, sən Premyer Liqada oynayırsan. Futbolçular daha çox pul, onun məbləği maraqlandırır, o da ki, aşağı səviyyədədir.

Dörd-beş min dollarlıq legionerlərlə, yaxud təcrübəsiz gənclərlə gələn mövsüm burada ikinci dəfə möcuzə etmək hədsiz müşkül prosesdir.

Elə isə Ayxan Abbasov niyə riskə getsin, tankın qarşısına əliyalın çıxsın?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti