
"Şamaxı" bu mövsüm adından söz etdirməyi bacardı.
Bir illik aradan sonra elitaya qayıdan "şirlər" yayda Ayxan Abbasovun rəhbərliyi altında yenidən yığıldı.
Qısa müddətdə bir araya gələn kollektiv Liqada qalmaq məsələsini həftələr öncədən həll etməyi bacardı.
Bu yolda bir çox simalar parladı.
Daha çox danışılan adlar Edqar Adilxanov, Rüfət Abbasov, Rauf Rüstəmli kimi gənclər və Brahim Konate, Leroy Mikels kimi əcnəbilər oldu.
Amma bir nəfər sanki müzakirələrdən kənarda, kölgədə itib-batıb.
Söhbət Andrey Tırkovyanudan gedir.
Kanada çempionatından ölkəmizə gələn yarımmüdafiəçi o qədər də ciddi qəbul edilmirdi.
Düzdü, Rumıniya çempionatında zəngin təcrübəsi var.
Amma karyerasının eniş dövrünü yaşayırdı.
Qış fasiləsində keçirilən sınaq matçlarında da formasından çox uzaqda olduğu aydın sezilirdi.
Futbolçuların "pası"nı təmizləməkdə usta olan Abbasov növbəti dəfə məharətini Andrey üzərində göstərməyi bacardı.
İnandı, güvəndi və bu gün 27 yaşlı legioner bölgə klubunun ən yaxşılarındandır.
Səviyyəsinə qiymət vermək üçün "Sabah"la sonuncu oyunda komandasının yeganə qolunda onun məhsuldar ötürməsinə baxmaq kifayətdir.
Əvvəlki oyunlarda bu cür ötürmələrinə çox şahidlik etmişik.
Əla zərbələri olan "30 nömrə"nin topa davranışı da diqqətçəkəndir.
Birə-birlərdə ustalıqla keçməyi bacarır.
Xüsusilə sürətli cinah dəyişmələri göz oxşayır.
Hələ də tam formada olmadığını deməliyik.
Belə davam etsə, növbəti mövsüm şamaxılıların ən sevimli adamına çevrilə bilər.
XANOĞLAN / SPORTİNFO.AZ