Bu klubun dağılmaq ehtimalı yoxdur? Var, özü də çox…

21 Sentyabr 2020 12:44 Səbail 802
Bu klubun dağılmaq ehtimalı yoxdur? Var, özü də çox…

Üç oyun, üç məğlubiyyət. Hamısı 1:2.

Təsadüfmü, zərurətmi… Ədalətin təntənəsi.

Varlı-halllı olub da, özünü kasıb kimi göstərən «Səbail»i futbol ilahəsi cəzalandırmaqda davam edir.

Aftandil Hacıyev Premyer Liqanın ilk 3 turunda elə futbolçulara meydan, şans verib ki, 1 il əvvəl olsaydı, onlara nəinki forma geyindirər, heç komanda ilə məşq etmələrinə də icazə verməzdi.

«Səbail»in dağılmaq ehtimalı yoxdur? Var, özü də çox. Hacıyev, əlbəttə, təhlükənin mövcudluğunu danmalıdır. O, hər şeyi olduğu kimi demir və deyə də bilməz.

Düşdüyü vəziyyətdən ondan bunu tələb edir. Suvaqsız divarı malalamalı, işi(ni) yola verməlidir.

Day ondan keyfiyyət (nəticə) istənilmir. İstənilən yalnız budur: heyəti birtərəhər düzəlt, say əmələ gəlsin, qalanı ilə işin yoxdur. Yəni ki, nə olar, nə olar,

O olar, bu olar – bu söhbət bağlıdır. Nə olacaqsa, onsuz da olacaq. Oyun var, oyun dəsti-xəti var. Məşqçi «əli» görünür. «Görünmür» demək üçün gərək insafını belinə yükləyəsən. Bunu isə mən etmirəm, sözün düzünü söyləyirəm.

Sadəcə, «Səbail» o ümidi vermir. Ümid niyə və haradan olsun? Bir şey ki, Tamerlan Abdullayevin özü də ona inanmır. İnanmaq üçün əsas olmalıdır.

Əsas da ki, puldan başlayır. Pul da ki, yoxdur.

O yox, bu yox…

Yox yerdə buna da şükür: komanda çıxır meydana, mübarizə aparır, birini vurur, ikisini buraxır. Belə gəlməyibsə də, belə də gedəcək. Ta o çağa kimi!

Qundaqdakı dünənki çağa olan «Səbail» oçağacan bir addım irəli, iki addım irəli gedəcək ki, Tamerlan Abdullayev iddiasından, inadından əl çəkəcək, «haydı, mən getdim, salamat qalın» söyləyəcək.

Və Elxan Məmmədov kölgədən çıxıb, klubu birbaşa öz nəzarətinə alacaq. Gün o gün olanda, «Səbail» də buludların arasından sivişib çıxacaq, yola düzüləcək və düzələcək.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!