“Açığı, özümü burada Türkiyədən daha rahat hiss edirəm”

6 Fevral 00:50 Səbail 778
“Açığı, özümü burada Türkiyədən daha rahat hiss edirəm”

"Səbail"in baş məşqçisi Şahin Diniyevin köməkçisi vəzifəsində çalışan Sebahettin Təkin Türkiyə mətbuatına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, “IHA”ya danışan türkiyəli mütəxəssis Azərbaycan Premyer Liqasındakı işindən danışıb:

"İlk növbədə qeyd etmək istərdim ki, Türkiyəni qardaş ölkədə təmsil etməkdən qürur duyuram.

Şahin Diniyevin dəvəti ilə məşqçilər korpusuna daxil oldum. Çox yaxşı mövsüm keçiririk və mən xoşbəxtəm.

Açığı, özümü burada Türkiyədən daha rahat hiss edirəm. İnanıram ki, Azərbaycan futbol ölkəsi olmağa doğru irəliləyir.

Şahin Diniyevlə işləmək çox xoşdur. Azərbaycan futbolu bir çox ölkələrin, xüsusən də Türkiyənin diqqət mərkəzindədir.

Bir çox oyunçular Azərbaycanı Türkiyədə və başqa ölkələrdə təmsil edirlər. Məsələn, Renat Dadaşov Superliqada çox yaxşı çıxış edir.

Azərbaycan millisinin bir çox futbolçusu ölkə xaricində oynayır. 10 il əvvəl hər şey başqa cür idi.

Azərbaycan elə ölkədir ki, orada futbolçularla yanaşı, yaxşı məşqçilər də var. Məsələn, Şahin Diniyev.

O, komandada rəqabət mühiti yaradır, futbolçuları psixoloji cəhətdən hazırlayır və inanılmaz dərəcədə motivasiya edir. Çox istedadlı məşqçidir və oyunçuları yaxşı seçir. Şahin Diniyev asanlıqla ölkə xaricində işləyə bilər”.

Digər Xəbərlər
Xəbər Lenti