Qurban Qurbanov: “Bu klub doğru yoldadır və böyük gələcəyi var“

16 Yanvar 11:40 Səbail 2 936
Qurban Qurbanov: “Bu klub doğru yoldadır və böyük gələcəyi var“

“Mən klubun fəaliyyətini imkan daxilində diqqətdə saxlamağa çalışıram.

Deyə bilərəm ki, “Difai“ doğru yoldadır və böyük gələcəyi var“.

Bu fikirlər “Qarabağ“ın baş məşqçisi Qurban Qurbanova məxsusdur.

Xəbər verdiyimiz kimi, “Difai”nin prezidenti Asəf Məlikovla “Qarabağ”ın direktoru Əmrah Çelikel, İdarə Heyətinin üzvü Asif Əsgərov və baş məşqçi Qurban Qurbanovla görüş keçirilib.

Ağdam təmsilçisinin Suraxanıda yerləşən bazasında baş tutan görüş iki klub arasında əlaqələrin yaradılmasına və qarşılıqlı əməkdaşlığın əsasının qoyulmasına həsr olunub.

Toplantıda futbolçu mübadiləsi, yoldaşlıq oyununun düzənlənməsi haqda danışıb.

I Liqada mübarizə aparan “fədailər”in rəhbəri klubun fəaliyyəti və görülən digər işlər haqda məlumat verib, “Qarabağ”ın təcrübəsindən yayarlandıqlarını bildirib.

A.Məlikov “Qarabağ”ın rəsmilərini və Qurban Qurbanovu “Difai”nin oyunlarına dəvət edib.

Q.Qurbanov öz növbəsində “Difai”nin kollektivi ilə ötən ilin aprelində keçirilən tədbiri xatırladıb. Deyib ki, I Liqanın gedişatıyla yaxından maraqlanır və “Difai”nin məqsədlərinə çatacağına inanır.

Tanınmış mütəxəssis “Qarabağ”ın Qarabağ qazilərinin təmsilçisi olan klubla əlaqələrinin inkişaf etdirilməsinin vacibliyinə diqqət çəkib və bildirib ki, bu əlaqələrin möhkəmlənməsi üçün əlindən gələni əsirgəməyəcək:

“Difai“nin Qarabağ qazilərini bir araya gətirməsindən xəbərdaram. Bilirəm ki, həm futbolçu, həm də idarəçi olaraq bu klubda çalışırlar.

Bu, çox yaxşı layihədir və əminəm ki, öz effektini verəcək. Mən də onların yanındayam, fikirlərimlə dəstək olacam.

Oyunlarını izləyəcəm, kollektivlə görüşəcəm. Çalışacam ki, əlimdən gəldiyi qədər mənəvi dəstək verim.

“Qarabağ“la “Difai“ arasında yoldaşlıq oyununun keçirilməsi gözəl fikirdir. Təqvimə baxacağıq, uyğun vaxtda bu oyunu təşkil edəcəyik.

“Difai“nin gördüyü işlər həqiqətən təqdirəlayiqdir. Peşəkar klub kimi fəaliyyət göstərirlər.

“City Hospital“ və İdman Akademiyasının Təlim-Bərpa Mərkəzi ilə sıx işbirliyi qurublar. Belə şərait heç bir çox klublarda yoxdur.

İnanıram ki, biz bir müddət sonra “Difai“ni Premyer Liqada görəcəyik. Bu klub Azərbaycanın ictimai həyatında böyük rol oynamış bir təşkilatın adını daşıyır.

Ona hörmət və dqqətlə yanaşmaq hər bir azərbaycanlının borcudur“.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti