“Bunu cinayət sayıram” - Rumınlar azərbaycanlı məşqçinin təklifi ilə razılaşmadı

15 Yanvar 16:40 Səbail 962
“Bunu cinayət sayıram” - Rumınlar azərbaycanlı məşqçinin təklifi ilə razılaşmadı

“Səbail” Antalyadakı ilk yoldaşlıq görüşünü heç-heçə başa vurub.

Rumıniya təmsilçisi “Universitatya Klujj”la qarşılaşma maraqlı keçsə də, oyundan qol səsi çıxmayıb.

“Dənizçilər”in baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb.

- Rəqibə hər hissəsi 35 dəqiqəlik oyun təklif etsəniz də, rumınlar güzəştə getmədilər. Nəyi əsas gətirdilər?

- Rəqibi başa düşmək olar. Bizim ilk, onların isə sonuncu oyunu idi. Bizdə futbolçu kasadlığı var, ancaq rəqibin belə bir problemi yox idi. Geridə qoyduğumuz yeddi gündə hər gün iki məşqdən sonra 90 dəqiqə oynamağı futbol adına cinayət sayıram. Amma nə etməli, məcbur idik. Futbolçularım özlərində əzmkarlıq taparaq 90 dəqiqə mübarizə aparmağı bacardılar.

- Belə məqamda zədə riski də böyük idi.

- Dediyim kimi, başqa çıxış yolumuz yoxdur. Özünüz də gördünüz ki, bir futbolçu meydanı tərk edəndən 10 dəqiqə sonra yenidən mübarizəyə qoşulurdu. Əsas heyətdən kənarda cəmi iki futbolçumuz qalmışdı.

- Səlahət Ağayevin durumu nə yerdədir?

- Səlahətin durumunun yaxşıya doğru dəyişdiyini deməliyəm. Yəqin ki, növbəti yoldaşlıq görüşündə qapını o qoruyacaq. Hüseynəli Quliyev öz oyunu ilə qapı mövqeyində rəqabətin güclü olacağını göstərdi.

- Ümumi oyunla bağlı təəssüratlarınız necədir?

- Bu gün futbolçuların funksional hazırlığı və oyun disiplini mənim üçün önəmli idi. Komandanın taktiki cəhətdən savadlı oynaması məni sevindirir.

- İkinci yarının startına qədər zədəlilərdən kimlər hazır olacaq?

- Cabir Əmirli bu gün meydana çıxsa da, hələ tam hazır deyil. Yadin Luqasi, Nir Bardea və Pana sabahdan kollektiv çalışmalarda iştirak edəcəklər. Yəqin ki, növbəti sınaq matçında onlar da şans qazanacaqlar.

- Komandanın gücləndirilməsi ilə bağlı durum nə yerdədir?

- Bu yöndə danışıqlarımız gedir. Gizlətmirəm, gərgin iş rejimindəyik. Gecə-gündüz axtarışdayıq. İnanıram ki, əziyyətimiz yerdə qalmayacaq.

- Antalyaya yeni futbolçu gələcək?

- Az da olsa şansımız var.

- Legioner olacaq?

- Bəli. Bu gün yerli futbolçu tapmaq çox çətindir. Əsas problemimiz cinah yarımmüdafiəçiləri ilə bağlıdır ki, həmin mövqelərdəki boşluqları doldurmağa çalışacağıq.

- 19-cu turda rəqibiniz olacaq “Zirə”ni izləmisiniz?

- “Araz-Naxçıvan”la yoldaşlıq görüşünü televiziya vasitəsi ilə izlədim. Aşağı-yuxarı hamımız bir-birimizi tanıyırıq. Hansısa komanda bir oyunda, yaxud 15-20 gün ərzində köklü dəyişə bilməz ki.

- Mövsümün əvvəlində qarşınıza avrokuboklara vəsiqə tələbi qoyulmasa da, indiki durumda vəsiqə uzaqda deyil.

- Bizi ikinci pillədən cəmi bir qələbə uzaqlaşdırır. Düşündüyümüz futbolçularımız gəlsələr, zədəlilər də sıraya qayıtsalar, dördüncü pillə uğrunda mübarizə aparmağa çalışacağıq.

HƏBİB, Antalya

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti