“Maliyyə problemləri var, orada işləmək çətindir”

6 Yanvar 02:20 Səbail 717
“Maliyyə problemləri var, orada işləmək çətindir”

“Çətin olsa da, bu gedişatla “Kəpəz” Premyer Liqada qalacaq”.

Sportinfo.az xəbər verir ki, bunu “Səbail”in köməkçi məşqçi təyin olunan Azər Məmmədov AZƏRTAC-ın suallarını cavablandırarkən deyib.

Həmin müsahibəni təqdim edirik:

- Yenidən “Səbail” klubuna qayıtdınız. Təəssüratınız maraqlıdır...

- İdman elə bir sahədir ki, bu gün buradasan, sabah başqa yerdə. “Səbail” də mənim üçün doğmadır. Ötən mövsüm Şahin Diniyevin köməkçisi idim. Bu mövsümün əvvəlində “Kəpəz”ə baş məşqi olaraq getmişdim. Həqiqətən “sarı-göylər”də işləmək böyük təcrübə oldu.

- “Kəpəz” klubundakı işinizi necə qiymətləndirirsiniz?

- O klubda işləmək mənim üçün uğurlu oldu. Böyük təcrübə topladım. Əlbəttə ki, oradan ayrılandan sonra təkliflər olacaqdı. Bu da mənə doğma olan “Səbail”dən gəldi.

- “Kəpəz” klubundan ayrılıqdan sonra başqa yerlərdən təkliflər var idi? Hətta deyilirdi ki, siz Gəncə təmsilçisinin idman direktoru da təyin oluna bilərsiniz. Bəs bu keçid niyə baş tutmadı?

- Düzünü desəm, “Kəpəz”dən ayrıldıqdan sonra təkliflər yox idi. Sadəcə, İlqar Nadiri mənə dedi ki, sənin klubdan ayrılmağını istəmirəm və idman direktoru vəzifəsində işləməyini istəyirəm. Buna görə ona təşəkkür edirəm. Ancaq özümü futbol sahəsində yalnız məşqçi kimi gördüyüm üçün bu təklifdən imtina etdim.

- “Kəpəz”də birlikdə işlədiyiniz futbolçulardan hansınısa “Səbail”ə gətirmək niyyətiniz varmı?

- “Kəpəz”də yaxşı futbolçular var. Bir çox oyunçuları komandaya mən gətirmişdim. Ancaq transfer məsələləri ilə baş məşqçi Şahin Diniyev və skaut qrupu maraqlanır. Əgər istəsələr və həmin futbolçunun müqaviləsi bitmiş olarsa, sevə-sevə danışıq apararam.

- Geridə qalan ili özünüz üçün necə dəyərləndirirsiniz?

- Mən hər zaman səmimi danışmışam. Hər il mənim üçün uğurlu keçir. Əgər hansı yerdəsə uğursuzluq yaşamışamsa, bu da xeyrimə olan məqam olub. İnanıram ki, 2024-cü ildə də hədəflərimə çatacağam.

- “Kəpəz”in baş məşqçisi postuna sizin əvəzinizə təyin olunan Adil Şükürovun qısa zamandakı işini necə qiymətləndirirsiniz?

- Adil Şükürov Premyer Liqa təcrübəsi keçmiş baş məşqçidir. Bilirsiniz ki, “Kəpəz”də maliyyə problemləri var. Buna görə də orada işləmək çətindir. Ancaq qısa zaman olsa da, “sarı-göylər” çempionatda yaxşı göstəricilər nümayiş etdiriblər. Ölkə kubokundakı “Sabah”la matçda sonadək mübarizə apardılar. Lakin şans qarşı tərəfdə olduğu üçün mərhələni keçdilər. Həmçinin də artıq “Kəpəz”in heyəti tam olaraq komplektləşib. Mənim vaxtımda bəzi oyunçular komandaya gec qoşulmuşdu və bu da fiziki hazırlığın tam səviyyədə olmamasına gətirib çıxarırdı. Çətin olsa da, bu gedişatla komanda Premyer Liqada qalacaq.

Digər Xəbərlər
Xəbər Lenti