Şahin Diniyev keçmiş köməkçisini niyə geri qaytardı?

5 Yanvar 18:35 Səbail 708
Şahin Diniyev keçmiş köməkçisini niyə geri qaytardı?

Gözlədiyimiz və xəbər verdiyimiz kimi, "Səbail"ə yeni məşqçi təyin edilib.

Azər Məmmədov yenidən Bayıl təmsilçisində fəaliyyət göstərəcək.

47 yaşlı mütəxəssis Şahin Diniyevin köməkçisi olacaq.

Azər Məmmədov son olaraq "Kəpəz"də işləyib. O, noyabrın əvvəlində baş məşqçi postundan istefa vermişdi.

«Qarabağ»a 1:7 hesablı məğlubiyyətdən sonra Premyer Liqada hansısa komandanı təkbaşına çalışdıra bilməyəcəyini anlayan Məmmədovun 2022-ci ilin dekabrından 2023-cü ilin iyununadək elə «Səbail»də işlədiyini xatırladaq.

Diniyev onu ala qaşına, ala gözünə vurularaq bura qaytarmayıb. Məqsədi futbolçularla öz arasını düzəltməkdir.

Son vaxtlar komandanın əksər aparıcı fiqurları ilə onun münasibətlərində soyuqluq əmələ gəlib.

Məmmədov ortamı yenidən düzəltmək üçün ona lazımdır. O, ikinci məşqçi olaraq belə məsələlərdə bacarıqlıdır.

Bu, ötən mövsüm də belə idi və Azər bəy Diniyevi dəfələrlə oyunçuların təzyiqindən qoruyub.

Məmmədov burada olduğu 6-7 ayda kollektiv içində bu balansı yarada bilmişdi. «Dənizçilər»in Diniyevə yox, ona simpatiya bəslədiyi də məlumdur.

Azər Məmmədov baş məşqçi kimi təcrübəsiz olsa da, şazırlıq proqramına söz yoxdur. Keçdiyi məşqlərin səviyyəsi futbolçuların ürəyincədir.

Biz keçən sezon komanda üzvlərindən dönə-dönə eşitmişdik ki, Şahin Diniyevin məşqlərindən necə narazıdırlar.

Onu bu mənada məsxərəyə qoyur, sovetdən qalmış metodika ilə çalışmaqda qınayırdılar.

Azər Məmmədov isə müasir futbolun yeniliklərindən xəbərdardır və çalışır ki, onları gündəlik iş əsnasında tətbiq eləsin.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti